RU

Rutte: NATO Hörmüz boğazı üçün planlaşdırılan missiyaya töhfə verə bilər

Rutte: NATO Hörmüz boğazı üçün planlaşdırılan missiyaya töhfə verə bilər

NATO-nun Baş katibi Mark Rutte alyansın Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılması nəzərdə tutulan missiyaya dəstək verə biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Rutte ABŞ-a səfəri çərçivəsində Ronald Reyqan Prezident Fondu İnstitutunda çıxış edərkən bu mövzuya toxunub. O bildirib ki, Britaniya Baş naziri Kir Starmerin liderliyi ilə dənizlərdə sərbəst hərəkət prinsipini qorumaq üçün çoxmillətli koalisiyanın formalaşdırılması istiqamətdə işlər aparılır və bu çərçivədə ABŞ ilə birlikdə mümkün missiyanın miqyası və vaxtı barədə müzakirələr davam edir.

Rutte vurğulayıb ki, koalisiya praktik yardımlara fokuslanacaq və üzv ölkələr öz imkanları daxilində dəstək göstərəcəklər. Məsələn, Niderlandın mina təmizləyən gəmilər və radar texnologiyaları ilə prosesə qoşulması nəzərdən keçirilir.

Baş katib qeyd edib ki, sözügedən koalisiya yalnız NATO üzvlərindən ibarət olmayacaq, bura Yaponiya, Cənubi Koreya, Avstraliya ilə yanaşı, Bəhreyn və BƏƏ kimi Körfəz ölkələri də daxildir, lakin iştirakçıların əksəriyyətini müttəfiqlər təşkil edəcək. Hazırda 34 ölkənin iştirakı ilə hərbi səviyyədə planlaşdırma işlərinin başladığını deyən Rutte NATO-nun rolu barədə "NATO kömək edə bilərsə, əlbəttə, orada olacaq" deyə bildirib.

O, həmçinin ABŞ və Avropa arasındakı müdafiə sənayesi əməkdaşlığına toxunaraq, Türkiyənin bu sahədəki rolunu və türk şirkətlərinin ABŞ-dakı investisiyalarını xüsusi qeyd edib. Rutte transatlantik müdafiə strukturunun ayrılmasının qeyri-mümkün olduğunu, bunun qısa müddətdə Rusiyanın, uzun müddətdə isə Çinin maraqlarına xidmət edəcəyini vurğulayıb.

Избранный
50
afn.az

1Источники