RU

Türkiyənin energetika naziri regionda böhranların təsirlərinin azaldılması üçün 3 təklif irəli sürüb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 9 aprel, AZƏRTAC

İran ətrafındakı böhran regionun enerji arxitekturasına yenidən baxılmasının zəruriliyini açıq şəkildə göstərib. Bu gün siyasi qərarların texniki cəhətdən həyata keçirilməsini və kommersiya baxımından səmərəli olmasını təmin edəcək yeni marşrutların mövcudluğu hər zamankından daha vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Qətər mediasına müsahibəsində söyləyib.

O, böhranların mənfi təsirlərini azalda biləcək üç təklif irəli sürüb: “Birincisi, uzun illərdir müzakirə etdiyimiz layihəni həyata keçirmək, yəni Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Avropaya nəqlinə başlamaq lazımdır. Bu layihə son dərəcə vacibdir.

İkincisi, mövcud İraq–Türkiyə neft kəmərini İraqın cənubundakı Bəsrə şəhərinədək uzatmaq vacibdir. Belə bir neft kəməri qlobal bazarlar üçün böyük əhəmiyyət daşıyır.

Nəhayət, üçüncüsü, Qətərdən Türkiyəyə Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərindən qaz kəməri tikilməlidir. Bu, texniki və kommersiya baxımından həyata keçirilə bilən layihədir. Başqa sözlə, region enerji arxitekturasını şaxələndirməlidir”, – deyə nazir bildirib.

Böhranın Türkiyə iqtisadiyyatına vurduğu zərəri qiymətləndirən A.Bayraktar qeyd edib ki, neftin bir barelinin qiymətinin cəmi 1 dollar artması Türkiyə üçün təxminən 400 milyon dollar əlavə xərc deməkdir.

“Maliyyə yükü çox böyükdür. Türkiyə “qara qızıl”ın böyük istehlakçısı olan iri ölkədir. Maliyyə baxımından, əgər cari ildə neftin orta qiyməti təxminən 100 dollar olarsa, neft və yanacaq üzrə əlavə xərclər ən azı 13-14 milyard dollar təşkil edəcək. Təbii qaz üzrə xərclər isə 7-10 milyard dollara çata bilər. Bu, ölkə üçün əlavə yük yaradan problemdir. Bunun nə qədər davam edəcəyini bilmirik. Əgər hazırkı atəşkəs davamlı sülhə çevrilsə və qiymətlər məqbul səviyyəyə qayıtsa, nəticələr məhdud olacaq”, – deyə türkiyəli nazir vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
azertag.az

2Источники