RU

Qısaldılmış iş günləri kimlərə şamil olunur?

Azərbaycanda iş günləri müəyyən hallarda qanunvericiliklə qısaldıla bilər.

Ölkənin Əmək Məcəlləsinə əsasən, bayramqabağı və qeyri-iş günləri ərəfəsində iş günü 1 saat azaldılır.

Bu qayda həm dövlət, həm də özəl sektorda çalışan işçilərə şamil olunur və hər il təsdiq olunan istehsalat təqvimi çərçivəsində həyata keçirilir.

Bundan əlavə, işçi və işəgötürən arasında razılaşma yolu ilə qismən iş vaxtı (part-time) müəyyən etmək də qanunla mümkündür. Bu, əsasən xüsusi şəraitdə, məsələn, tələbələrin, valideynlərin və ya müəyyən peşə sahələrində çalışan işçilərin iş rejiminin çevik şəkildə tənzimlənməsinə imkan verir.

Qanunvericilik həmçinin müəyyən kateqoriyalara aid işçilər üçün xüsusi qısa iş rejimlərini nəzərdə tutur. Məsələn, 18 yaşdan aşağı şəxslər, habelə təhlükəli və ya ağır iş şəraitində çalışan işçilər üçün qanunla iş saatları azaldıla bilər.

Beləliklə, Azərbaycanda iş günlərinin qısaldılması yalnız bayramqabağı və qeyri-iş günləri ərəfəsi ilə məhdudlaşmır, qanun çərçivəsində razılaşma və xüsusi kateqoriyalar üçün qısa iş rejimi tətbiq olunmaqla iş günlərinin qanuni şəkildə qısaldılması mümkündür.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, mövcud qanunvericilikdə ağır, zərərli və təhlükəli əmək şəraitində çalışan şəxslərlə bağlı müəyyən mexanizmlər artıq qüvvədədir:

“Azərbaycanda ağır, zərərli və təhlükəli əmək şəraiti olan işlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənib və bu siyahı müxtəlif sahələri və konkret peşələri əhatə edir. Bu sahələrə ilk növbədə neft və qaz sənayesi daxildir.

Burada neft və qaz quyularında çalışan operatorlar, qazma ustaları, eləcə də dəniz platformalarında fəaliyyət göstərən texniki işçilər yer alır. Eyni zamanda, mədən və yeraltı işlər də bu kateqoriyaya aiddir. Şaxtaçılar, yeraltı qazma işçiləri və filiz çıxaran əməkdaşlar təhlükəli əmək şəraitində çalışan əsas peşələr sırasındadır.

Metallurgiya sənayesində yüksək temperatur şəraitində işləyən peşələr, məsələn, polad əritmə ustaları, domna sobası operatorları, metal tökmə və qaynaq işçiləri də bu siyahıya daxildir. 

Kimya sənayesində isə müxtəlif reagentlərlə işləyən operatorlar, boya və lak istehsalı ilə məşğul olan işçilər, həmçinin turşular və digər təhlükəli maddələrlə təmasda olan laboratoriya əməkdaşları bu kateqoriyada yer alır”.

Ekspert qeyd edib ki, tikinti sahəsində betonçu, armaturçu, kran operatoru, yüksək hündürlükdə işləyən montajçılar və yol tikintisi ilə məşğul olan işçilər ağır əmək şəraitində çalışan peşələr kimi qiymətləndirilir:

“Bundan əlavə, radiasiya və digər təhlükəli mühitlərdə çalışan mütəxəssislər, o cümlədən radiologiya sahəsində işləyən tibb personalı da bu siyahıya daxildir.

Səhiyyə sahəsində isə xüsusilə infeksion xəstəliklərlə işləyən həkim və tibb bacıları, laboratoriya mütəxəssisləri və reanimasiya kimi riskli şöbələrdə çalışan işçilər ağır və zərərli əmək şəraitinə aid edilir.

Ümumilikdə, bu siyahı konkret peşələri və sahələri əhatə etməklə, həmin işlərdə çalışan şəxslər üçün əlavə sosial təminatlar və  qısaldılmış iş vaxtı kimi güzəştlərin tətbiqinə əsas yaradır

Faktiki olaraq ağır şəraitdə çalışan insanlara bu kimi üstünlüklər verilir. Bəzən insanlar bu hüquqlardan xəbərsiz olur, istifadə etmir, hətta bəzi hallarda istifadə edə bilmir. İş yerləri bu imkanları yaratmalıdır”.

Избранный
49
cebheinfo.az

1Источники