RU

Qida təhlükəsizliyi yoxlamaları niyə vacibdir?

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən təndirxanada yoxlama aparılıb. Yoxlama zamanı istehsal obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıq və ləvazimatların gigiyenik səthə malik olmadığı və korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin digər nöqsanların mövcud olduğu aşkarlanıb.

Qida təhlükəsizliyi sahəsində aparılan yoxlamalar ictimai sağlamlığın qorunması baxımından vacib mexanizmlərdən biri hesab olunur. Bu sözləri Qida eksperti Fərid Səfərov QHT.az-a açıqlamasında bildirib və bu cür nəzarət tədbirlərinin xüsusilə gündəlik istehlak olunan məhsulların istehsal olunduğu müəssisələrdə mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Fərid Səfərov bildirib ki, təndirxana və oxşar qida istehsalı məkanlarında aşkarlanan gigiyenik pozuntular ciddi sağlamlıq riskləri yarada bilər. Onun sözlərinə görə, filtrsiz su istifadəsi, temperatur nəzarətinin olmaması, gigiyenik olmayan avadanlıqlar və havalandırma sisteminin yoxluğu qidanın mikrobioloji çirklənməsinə, eləcə də qida zəhərlənmələrinə səbəb ola bilər.

Ekspert vurğulayıb ki, belə yoxlamalar “profilaktik nəzarət mexanizmi kimi çox önəmlidir” və bu tədbirlər mümkün risklərin qarşısının əvvəlcədən alınmasına xidmət edir. O qeyd edib ki, xüsusilə geniş istehlak olunan çörək və un məmulatlarının istehsal olunduğu obyektlərdə nəzarətin daha da gücləndirilməsi vacibdir.

F.Səfərovun sözlərinə görə, bu sahədə ictimai etimad hazırda orta səviyyədə qiymətləndirilə bilər. Ekspert bunu bəzi hallarda yoxlamaların yalnız şikayət və ya xoşagəlməz hadisələrdən sonra aparılması, nəticələrin isə tam şəffaf şəkildə ictimaiyyətə təqdim olunmaması ilə əlaqələndirib.

Fərid Səfərov bildirib ki, son illərdə mediada məlumatlandırmanın genişlənməsi və rəsmi açıqlamaların artması etimadın müəyyən qədər yüksəlməsinə səbəb olub. Bununla belə, ekspertin fikrincə, vətəndaşlar daha davamlı və şəffaf nəzarət mexanizmi gözləyirlər.

Ekspert xüsusi olaraq vətəndaş cəmiyyətinin prosesə cəlb edilməsinin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, “davamlılıq, şəffaflıq və ictimai iştirak əsas şərtlərdir”. F.Səfərov hesab edir ki, QHT-lərin və müstəqil ekspertlərin monitorinqlərdə iştirakı ictimai hesabatlılığı gücləndirə və yoxlamalara olan inamı daha da artıra bilər.

Ekspert sonda qeyd edib ki, bu üç amilin birlikdə təmin olunması həm qida təhlükəsizliyi risklərini azaldır, həm də cəmiyyətin etimadını möhkəmləndirir.

Fatimə Nəbiyeva

Избранный
33
qht.az

1Источники