RU

Çatana çatdı, çatmayana daş atdı, axırda “qırmızı” alıb sakitləşdi

“Araz-Naxçıvan” – “Sabah” qarşılaşmasında (2:4) meydan sahiblərinin baş məşqçisi Andrey Demçenko “dəliyə dönmüşdü”.

Oyunun gərginliyindən doğan həyəcan ukraynalı çalışdırıcıya 1 dəqiqə də olsun yerində oturmağa imkan vermirdi.

Demçenko qarşısına çxan hər kəslə danışır, iradlarını bildirir, mübahisə edir, yeri gələndə rus dilində təhqirlərdən istifadə edirdi.

Öz futbolçusu Hamidu Keyta ilə bir neçə saniyəlik söz atışmasından sonra dördüncü hakim Rəşad Əhmədova nəyisə başa salmağa çalışdı.

“Sabah”ın ləğv olunan qolu vurulanda baş hakimə üsyan edib, oyundankənar vəziyyətin olduğunu dediyinə görə sarı vərəqə aldı.

Bu azmış kimi, rəqib futbolçusu Timoteuş Puxaça da qolun qaydalar çərçivəsində vurulmadığını izah etməyə çalışdı.

Bütün bunların fonunda Demçenko 90 dəqiqəni sarı vərəqə ilə başa vurmağı bacardı. Lakin oyunun protokoluna baxanda, 49 yaşlı çalışdırıcının “qırmızı” ilə cəzlandırıldığını görmək mümkündür.

Bəli, “Araz-Naxçıvan”ın baş məşqçisi növbəti turlarda texniki zonada yer ala bilməyəcək.

Niyə?

Buna qarşılaşma başa çatandan sonra Demçenkonun hakimlərə kəskin etiraz bildirməsi səbəb olub.

Nəticədə Fərid Hacıyev ukraynalıya birbaşa qırmızı vərəqə göstərərək onu yanından uzaqlaşdıra bilib.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
23
sportinfo.az

1Источники