RU

Hər yerdə olsa da, heç yerdə görünməyən deputatımız Orxan Saffari yazır...

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Milli Məclisdə elə deputatlar var ki, məsələn, onlar xalq tərəfindən sevilmir, ancaq yenə də müəyyən funksiyaları var. Üstəlik, bu funksiyalara elə həm də xalqın nifrətini özündə cəmləşdirmək funksiyası aiddir.

Yaxşı xatirimdədir, bir müddət əvvəl Hikmət Babaoğlu efirdə müsahibə verən zaman səhhəti pisləşmişdi. Həmin görüntülər sosial şəbəkədə yayılanda insanlar kədərlə yox, az qala sevinclə qarşılamışdı, hətta “betər olsun” yazanlar var idi.

Sözsüz, bu cür sözlər istənilən halda doğru deyil. Ancaq bu barədə Hikmət Babaoğlu özü də düşünməlidir ki, insanlar hətta onlara bir pislik etmədiyim halda mənə niyə bu cür münasibət göstərirlər?

Qəribədir ki, Hikmət Babaoğlu mediaya açıq deputat olsa da, bu günə qədər danışaraq bir qram da nüfuz qazana bilməyib. Yəni heç kim demir ki, ay deputat müəllim, yaxşı işlər gör. Ancaq adama deyərlər, heç olmasa, yalandan da olsa, yaxşı danışmağı bacar. Bacarmadığı üçün də hazırda Hikmət Babaoğlunu uzağı mediaya təzə gələn müxbirlər açıqlama almaq üçün çox istəyir.

O da xatirimdədir, onunla Milli Məclisdə görüşüb fəaliyyətimin ən uğursuz müsahibəsini etmişdim. Yəni mən yaxşı suallar versəm də, Hikmət Babaoğlunun rabitəsiz cavabları məni birtəhər etmişdi.

Həmin müsahibədə soruşmuşdum:

-Hikmət bəy, siz “Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili” mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi almısınız. Yəni ki, bu baxımdan da birbaşa olaraq Azərbaycandakı siyasi məsələlər əsasən mövzunuzdur, doğrudurmu?

-Bəli, düz bilirsiniz, elədir.

-Bu gün ABŞ və Avropa təşkilatları Azərbaycana siyasi məhbuslarla bağlı təzyiqlər edir. Nə düşünürsünüz bu barədə, Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları barəsində müdafiə edən, kitab yazan Hikmət Babaoğlu Azərbaycanda siyasi məhbusların olduğunu qəbul edir?

Hikmət Babaoğlunun mənə cavabı belə olmuşdu:

-Əvvəla, gəlin ona baxaq ki, siyasi məhbus termini nə deməkdir? Bu gün bizə qarşı deyilən sanksiyaların siyahısında bilirsinizmi kimlər var, kimlər Azərbaycanda siyasi məhbus hesab edilir?

Dişimi dişimə sıxıb yenidən soruşmuşdum:

-Hikmət bəy, əvvəlki illərdə olduğu kimi, bu seçkilərdə də bir çox dairələrdə “Karusel əməliyyatı” olduğunu yayılan videolarda şahidi olduq. Seçkilər sizin dairədə necə keçdi, saxtakarlıq olmuşdumu?

-Əvvəla, mən sizin “Karusel əməliyyatı” sözünüz ilə də razılaşmıram. Bunun özü də şablon epitetdir. Mən artıq üçüncü dəfədir ki, deputat seçilirəm və şəxsən saxtakarlığa rast gəlməmişəm. Deputat olduğum ana qədər fəal vətəndaş kimi məntəqə sədri də olmuşam və bilirəm ki, bu, nə qədər çətin bir prosesdir. Elə bilirsiniz, seçki saxtalaşdırmaq asandır? Bunun mən haradasa qeyri-mümkün olduğunu da bilirəm. Bir dəfə məntəqə sədri olanda ABŞ-dən gələn bir müşahidəçiyə dedim ki, axıra qədər burada olacaqsınız, sonda da səsləri sayacayıq, protokola qol çəkib gedəcəksiniz. Belə də oldu. İzlədi, heç bir saxtakarlıq görmədi, amma o, sonda qol çəkməkdən də imtina etdi.

Niyə, əgər saxtakarlıq yox idisə, səbəb nə idi ki?

-Səbəb o idi ki, ona təlimat o cür verilmişdi. O, bura gəlmişdi ki, gedəndə desin, seçki saxtalaşdırıldı. Mən də bunu təxmin edirdim. Sonra öyrəndim ki, o adam qeyri-ciddi adam idi, intellektual baqajı da yox idi. Adicə demişdim ki, Cek London oxumusanmı? Vallah, heç onu tanımadı da.

Bəli, göründüyü kimi, əslində, Hikmət Babaoğlu olduqca maraqlı adamdır. O, hətta ABŞ-dən gələn müşahidəçi ilə bu cür məzələnə bilir. Onun intellektual baqajı yox imiş, amma Hikmət müəlllimin var imiş. Bəli, Hikmət müəllim adamın üzünə, gözünə baxar və belə sözləri uf demədən deyər. Allah da gəlsə, dana bilmədiyi faktları, məsələləri o çox asanlıqla, heç bir ürək ağrısı olmadan inkar edə bilər.

Əlbəttə, belə olduğu halda, onun nüfuz qazanması, sevilməsi nəinki şübhə doğurur, heç müzakirə mövzusu da deyil.

Digər tərəfdən, şəxsən mən Hikmət Babaoğlunu hakim dairənin siması kimi qəbul edə bilmirəm. Belə olmağı üçün, onun heç olmasa, tanınmış olmağı lazımdır. Ancaq təəssüf ki, Hikmət Babaoğlu heç cəmiyyətdə çox da pis tanınmır, müzakirə mövzusu deyil, siyasi çəkisi yox səviyyəsindədir. Yəni onun dövlət əhəmiyyətli məsələlərdə verdiyi açıqlamalar, yazdığı yazılar heç bir formada heç nəyə təsir etmir, fikir formalaşdırmır.

Məsələn, indiyə qədər kim, hansı vətəndaş açıb Hikmət Babaoğlunun hansısa analizini oxuyub?

Hikmət Babaoğlunun həyat yolu, vikipediyası adama olduqca ciddi təsir bağışlayır. Belə baxanda, müəllimin boşa ömür keçirməyib, müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərib. Hətta deyilənə görə, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır. Ancaq şəxsən buna qətiyyən ehtiyac yox idi. Öyrəndi, tədqiqat etdi də nə oldu? Hansı xeyri var?

Hikmət Babaoğlu hələ İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçı olub bu cür danışır, olmasa nələr deyərdi?

Bu gün bir neçə söz var ki, həmin sözləri Hikmət Babaoğlu və onun kimi bir neçəsinə qadağan etsən, hər şey dağılacaq.

Məsələn, “geosiyasi aspekt”, “politoloji baxış”, “Enerji resursları”, “BMT-nin missiyası”, “anti-milli ünsür” və s.

Buraya Qərbi Azərbaycan ilə bağlı məsələlər, terminlər də əlavə etmək olar, ancaq təəssüf ki, artıq o məsələ bir qədər aktuallığını itirib.

Onu da soruşmaq olar ki, Hikmət Babaoğlu hər yerdədir, yazılı mətbuatda yazır, efirlərdə görsənir. Bəs siması niyə tanınmır? Niyə bu ad insana heç nə ifadə etmir?

Cavab, əslində, çox sadədir. Çünki Hikmət Babaoğlunu axtarmırlar, Hikmət Babaoğlu adamın qabağına özü çıxır. Lakin üzün və adın axtarılmırsa, heç nəyin xeyri yoxdur.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
icma.az

1Источники