Ötən il Səbail rayonu Bayıl qəsəbəsində tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, Axundovanın olduğu taksiyə çırpılan “Hyundai” markalı avtomobilin sürücüsü Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Mehdizadəyə hökm oxunub.
Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib. Təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkməlidir. Əlavə olaraq onun sürücülük hüququ 1 il 6 ay müddətə məhdudlaşdırılıb.
Hadisə 2025-ci il oktyabrın 30-da V.Axundova “Toyota” markalı taksidən düşərkən baş verib. Bu zaman S.Mehdizadənin idarə etdiyi avtomobil arxadan həmin maşına çırpılıb. Zərbədən 1987-ci il təvəllüdlü sənətçi vəfat edib.
Məhkəmədə zərərçəkən şəxsin hüquqi varisi 24 yaşlı sürücünü bağışladığını bildirib.
Telegram kanalımız