ABŞ–İsrail–İran müharibəsinin 40-cı günündə tərəflər arasında həm hərbi qarşıdurma, həm də diplomatik təmaslar paralel şəkildə davam edib.
Pakistanın Baş naziri Şahbaz Şərifin müharibənin 2 həftəlik dayandırılması ilə bağlı təklifi fonunda bu gün ABŞ Prezidenti Donald Tramp hücumların müvəqqəti olaraq təxirə salındığını açıqlayıb və İranda bütün hərbi hədəflərin vurulduğunu bildirərək “tam qələbə” elan edib.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi də atəşkəslə bağlı mühüm mesajlar verib. O bildirib ki, ABŞ və İsrail tərəfindən hücumlar dayandırılacağı təqdirdə, İran da müdafiə xarakterli əməliyyatları dayandırmağa hazırdır. Əraqçi əlavə edib ki, texniki məhdudiyyətlər nəzərə alınmaqla, iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunması mümkündür.
Aprelin 10-da Pakistanda ikitərəfli danışıqlar aparılacaq.
Bəs bu müharibənin qalibi kimdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, müharibə hələ bitməyib. O qeyd edib ki, sadəcə olaraq tərəflər arasında aprelin 10-da qüvvəyə minəcəyi ehtimal olunan atəşkəs rejimi ilə bağlı qərar qəbul edilib:

“İndiyədək baş verənlərə və tərəflərin qarşıya qoyduğu hədəflərə nəzər saldıqda görünür ki, Tehran hakimiyyəti özünü qorumaq üçün ölkənin demək olar bütün imkanlarını fəda etdi. Yəni canlı qüvvə, yanacaq ehtiyatları, hərbi texnika, hətta mülki vətəndaşların canı və əmlakı belə bu prosesdə qurban verildi və nəticədə hakimiyyət öz mövcudluğunu qoruyub saxlaya bildi.
ABŞ isə əvvəlcədən nəzərdə tutduğu kimi İranın ali rəhbəri Ayətullah Seyid Xameneyini öldürdü. Onun yerinə gətirildiyi bildirilən Müctəba Xameneyidən isə hələ xəbər yoxdur. Üstəlik, onun ali rəhbər elan olunması məsələsi İranın Konstitusiyası və mövcud qanunlarına görə pozuntularla reallaşıb.
Yəni insanın özü olmadan, sənəd imzalamadan, Dini Ekspertlər Şurasının iclası keçirilmədən, ali dini rəhbər elan olunub. Bu vəziyyət müəyyən mənada sarayda heç bir prosedur gözlənilmədən vəliəhdin şah elan olunmasıdır”.
Politoloqun sözlərinə görə, bu müharibənin qalibi yox, bu müharibədə üstünlük əldə edən tərəf var:
“İran ərazisində çoxsaylı hərbi obyektlərin dağıdılması, xeyli sayda yüksək rütbəli hərbçinin öldürülməsi, hərbi-sənaye kompleksinə ciddi zərbələrin endirilməsi, eləcə də nüvə obyektlərinin zədələnməsi kimi hadisələr ABŞ və İsrailin hərbi uğurları kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, İraq və Livanda İrana bağlı proksi qüvvələrin mövqelərinə endirilən zərbələr də ABŞ və İsrailin uğru sayıla bilər. Başqa sözlə, bu müharibədə tərəflərdən heç biri tam qalib kimi çıxış etmir.
Savaşın qalibi yoxdur, amma əldə olunan nəticələrə əsasən hansı tərəfin daha çox üstünlük qazandığını demək mümkündür. Ötən il baş verən 12 günlük qarşıdurma və budəfəki 40 günlük savaş, yəni ümumilikdə 52 gün davam edən ABŞ–İsrail–İran qarşıdurması fonunda ABŞ və İsrail tərəfinin daha çox üstünlük əldə etdiyi qənaətinə gəlmək olar.
Tehran hakimiyyəti isə yalnız və yalnız mövcud rejimi, yəni İslam Respublikası sistemini qoruyub saxlaya bilib. Yəni İranın üstünlüyü daha çox budur. Onun region ölkələrində, xüsusilə qonşu dövlətlərin ərazilərində həyata keçirdiyi əməliyyatlar gələcəkdə Tehran üçün əlavə problemlər yarada, hətta münasibətlərin normallaşması prosesini çətinləşdirə bilər.
Ona görə bu müharibənin qalibi yox, bu müharibədə üstünlük əldə edən tərəf var, o da ABŞ və İsraildir. Tehran hakimiyyətinin əsas uğuru mövcud rejimi qoruyub saxlaya bilməsidir”.