"Əgər təhsil istiqamətində bir uğur əldə etmək istəyiriksə, buna başlıca olaraq təhsilverənlərdən başlamalıyıq. Hal-hazırda təhsilverənlərin sertifikasiyası çox gözəl bir təşəbbüsdür. Sertifikasiya orta ümumtəhsil məktəbində təhsilverənlərin daha yaxşılarının tədris prosesinə cəlb olunmasına öz töhfəsini verir. Bununla yanaşı bəzi layihələr də icra edə bilərik ki, yaxın gələcəkdə orta ümumtəhsil məktəblərində daha peşəkar, daha yaxşı, daha savadlı və öz sahəsini sevən müəllim yetişdirək".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.
Müsahibimiz təklif edir ki, pedaqoji ixtisasları konkret olaraq ödənişli təhsil sistemindən çıxaraq:
"Pedaqoji ixtisasların hamısı dövlət sifarişi əsaslarla olmalıdır. Ali təhsil müəssisələrində 200 neçə, 300 neçə balla ödənişli ixtisasda gedib müəllimlik ixtisası oxumamalıyıq. Məsələn, Azərbaycan Tibb Universitetində dövlət sifarişli ixtisasların plan yeri elə verilib ki, dövlət sifarişli ixtisasların sayı verilən plan yerinin hardasa 90-95 faizini tutduğuna görə, ödənişli ixtisasla dövlət sifarişli ixtisas demək olar ki, balları bir-birinə yaxındır. Ödənişli ixtisasın da balı 580-590-lardadır. Yaxud da hüquq ixtisasını buna misal göstərə bilərik. Təklif edirəm ki, ödənişli əsaslarla olan müəllimlik ixtisasları ləğv edilsin. Verilən plan yerinin hamısı dövlət sifarişli əsaslarla olsun. Düzdür, elələri var ki, 200 balla oxuyub, universiteti gözəl bir nəticə ilə bitirib, MİQ imtahanında yüksək bal toplayaraq müəllimlik fəaliyyətini də peşəkarcasına yerinə yetirir. Amma ümumi faizə baxsaq, həqiqətən də 200-300 bal arası bal toplayanların neçə qismi pedaqoji fəaliyyətlə məşğul olur və özünü doğruldub? 400-500 bal arası bal toplayanlardan pedaqoji ixtisaslara qəbul olanların nailiyyətləri daha çoxdur. Həm universitetdəki nailiyyətləri, həm universitetdən sonra MİQ imtahanındakı nailiyyətləri, eləcə də müəllimlik peşəkar fəaliyyətində olan nailiyyətləri daha yüksəkdir. Əgər təhsildə müəyyən düzəlişlər etmək istəyiriksə, ümumi təhsil məktəblərində və ali təhsil müəssisələrində müəyyən islahatlar həyata keçirilməlidir. Müəllimlik ixtisasının keçid balını artırmalıyıq, yüksək bal toplayan gənclərimiz müəllimlik ixtisaslarına istiqamətləndirilməlidir".

Həmsöhbətimiz vurğuladı ki, Sinqapur təhsil sistemində təhsilverənlərə daha çox üstünlük verirlər:
"Sinqapur təhsilində müəllimlərə verilən diqqət və qayğını qabartmalıyıq. Çünki biz kurikulum sistemini hardasa Sinqapur təhsilinə uyğunlaşdırmağa çalışırıq. Baxırıq ki, Sinqapur təhsilində həqiqətən də müəllimə verilən diqqət və qayğı tamamilə başqadır. Bizdə hüquq ixtisası prestijli sayılır, yüksək bal toplayanlar hüquqa, orada isə yüksək bal toplayanlar daha çox pedaqoji ixtisaslara seçim edir. Bu nə deməkdir? Daha savadlı kadrlar müəllimliyə gedir və gələcək nəsli yetişdirən kadrlar ən savadlı, potensiallı kadrlardır. Onların yetişdirdiyi şagirdlər necə olur? Onlar da potensiallı olar. Daha perspektivli müəllimləri orta ümumtəhsil məktəbinə cəlb edirlər, universitetə qəbul olan tələbələr içərisində ən savadlılarını müəllimlik ixtisaslarına istiqamətləndirirlər. Bu istiqamətdə müəyyən cazibədar təkliflər edirlər ki, abituriyentlər müəllimlik ixtisaslarını seçsinlər. Ola bilər ki, bu gün bu nailiyyəti əldə edə bilməyək, amma bu gün bu prosesi başlayarıqsa, bəlkə də 5-6 il sonra artıq bunun meyvəsini yeyə, bəhrəsini görə bilərik".
Aytəkin TOFİQQIZI