RU

Kadr seçimi prosesində sürət və dəqiqlik artır

İqtisadçı: Süni intellektin əsas üstünlüyü işaxtaranlarla işəgötürənlər arasında əlaqənin daha effektiv qurulmasındadır

Müasir dövrdə qlobal miqyasda sürətlənən rəqəmsal transformasiya prosesi təkcə texnologiya sektorunda deyil, eyni zamanda iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən əmək bazarının strukturunda köklü dəyişikliklərə səbəb olur. Süni intellekt artıq yalnız innovativ texnologiya kimi deyil, strateji inkişaf aləti kimi çıxış edərək istehsalın təşkili, xidmətlərin göstərilməsi, qərarvermə mexanizmləri və resursların bölüşdürülməsi kimi fundamental sahələrdə yeni yanaşmalar formalaşdırır. “Böyük verilənlər”in sürətlə artması və onların emal imkanlarının genişlənməsi nəticəsində əmək bazarında baş verən proseslər daha dərindən təhlil edilir, bazar iştirakçıları arasında informasiya asimmetriyası tədricən azalır və bu sahədə daha çevik, dəqiq və proqnozlaşdırıla bilən idarəetmə modelləri meydana çıxır.

Xüsusilə məşğulluq sahəsində süni intellektin tətbiqi ənənəvi vasitəçilik mexanizmlərini əhəmiyyətli dərəcədə transformasiya edir. Əvvəllər daha çox passiv informasiya təqdim edən məşğulluq xidmətləri indi aktiv şəkildə analiz aparan, uyğunluq dərəcəsini ölçən və fərdiləşdirilmiş tövsiyələr verən sistemlərə çevrilir. Bu isə həm işaxtaranların, həm də işəgötürənlərin qərarvermə prosesinə birbaşa təsir göstərərək əmək bazarında vaxt itkisini azaldır, uyğun olmayan müraciətlərin sayını minimuma endirir və ümumi səmərəliliyin artmasına şərait yaradır. Dünyanın bir çox ölkəsində dövlət məşğulluq xidmətlərinin süni intellekt əsaslı platformalara keçidi də məhz bu ehtiyacdan irəli gəlir və artıq bu sahədə formalaşan beynəlxalq təcrübə göstərir ki, texnologiya düzgün tətbiq edildikdə əmək bazarında koordinasiya səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlir.

Azərbaycanda da rəqəmsal iqtisadiyyatın inkişafı və dövlət idarəçiliyində innovativ həllərin tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Bu çərçivədə əmək bazarının daha effektiv idarə olunması məqsədilə süni intellekt texnologiyalarının məşğulluq xidmətlərinə inteqrasiyası istiqamətində konkret addımlar atılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən planlaşdırılan layihələr, xüsusilə vətəndaşların təhsil səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi və maraqları əsasında uyğun vakansiyaları avtomatik şəkildə müəyyən edən tövsiyə sisteminin yaradılması, bu sahədə yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə sistemlər vasitəsilə hər bir vətəndaşa fərdi yanaşmanın təmin olunması, onun potensialına uyğun iş imkanlarının daha dəqiq şəkildə müəyyən edilməsi və məşğulluq xidmətlərinin operativliyinin artırılması nəzərdə tutulur.

Eyni zamanda, bu cür texnoloji həllər əmək bazarında məlumatların sistemləşdirilməsi və analitik təhlilin aparılması baxımından da mühüm üstünlüklər yaradır. Toplanan məlumatların emalı nəticəsində hansı ixtisaslara daha çox tələbatın olduğu, hansı sahələrdə kadr çatışmazlığının yarandığı və gələcəkdə əmək bazarının hansı istiqamətdə inkişaf edəcəyi barədə daha dəqiq proqnozlar vermək mümkün olur. Bu isə yalnız fərdi məşğulluq məsələlərinin həlli ilə məhdudlaşmır, eyni zamanda dövlətin təhsil, peşə hazırlığı və məşğulluq siyasətinin daha məqsədyönlü şəkildə formalaşdırılmasına imkan yaradır.

Bununla yanaşı, süni intellektin məşğulluq xidmətlərinə tətbiqi məsələsi yalnız texnoloji yenilik kimi deyil, həm də iqtisadi və sosial təsirləri baxımından qiymətləndirilməlidir. Bu yanaşmanın əmək bazarında real effektivliyi, onun işsizliyin azaldılmasına və əmək resurslarının daha səmərəli bölüşdürülməsinə hansı səviyyədə təsir göstərə biləcəyi məsələsi xüsusi aktuallıq kəsb edir. Məhz bu baxımdan, süni intellektin imkanları ilə yanaşı, onun məhdudiyyətlərinin də nəzərə alınması və bu texnologiyanın mövcud problemlərin həllində hansı rolu oynaya biləcəyinin obyektiv şəkildə təhlil edilməsi vacibdir.

Texnoloji optimizmə ehtiyatlı yanaşma

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, eləcə də onun tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən məşğulluğun təmin olunması istiqamətində ardıcıl proqramlar və müxtəlif təşəbbüslər həyata keçirilir. Lakin konkret olaraq məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi məsələsinə gəldikdə, bu yanaşmanın əmək bazarındakı bütün problemləri köklü şəkildə həll edəcəyini demək düzgün olmaz. Çünki məşğulluq məsələləri çoxşaxəli və struktur xarakter daşıyır və onların tam şəkildə yalnız texnoloji vasitələrlə aradan qaldırılması mümkün deyil. Süni intellektin tətbiqi daha çox əmək bazarında mövcud olan boş vakansiyalarla iş axtaranlar arasında əlaqənin qurulması, bu prosesin daha çevik və optimal şəkildə idarə olunması baxımından əhəmiyyətlidir. Bu texnologiya vasitəsilə uyğunluq mexanizmləri təkmilləşdirilə, namizədlərin bacarıq və təcrübələrinə uyğun vakansiyalar daha dəqiq şəkildə müəyyən edilə bilər. Nəticə etibarilə, iş axtaran şəxslərin daha qısa müddətdə və öz potensiallarına uyğun iş tapması imkanları genişlənir.

İqtisadçı onu da qeyd etdi ki,  işəgötürənlər üçün də bu sistem mühüm üstünlüklər yaradır. Belə ki, onlar tələb etdikləri ixtisas və bacarıqlara malik kadrları daha operativ şəkildə müəyyən edib işə cəlb edə bilirlər. Bu isə ümumilikdə əmək bazarında informasiya axınının sürətlənməsinə və uyğunlaşma səviyyəsinin artmasına səbəb olur. Bu cür texnoloji həllər işsizliyin səviyyəsinə yalnız məhdud təsir göstərə bilər. Onların əsas rolu bazarda mövcud resursların daha səmərəli bölgüsünü təmin etməkdən ibarətdir. Yəni, süni intellekt əmək bazarında vasitəçi və optimallaşdırıcı funksiya yerinə yetirir, lakin məşğulluq problemlərinin əsas səbəblərini aradan qaldırmaq üçün daha geniş iqtisadi və sosial siyasət tədbirləri əhəmiyyətlidir.

Nigar Orucova, “İki sahil”

Избранный
18
ikisahil.az

1Источники