RU

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri əməkdaşlıqda yeni imkanlar açır

Azərbaycan-Gürcüstan münasibətləri keyfiyyətcə yeni mərhələyə keçib. Bu mərhələ qonşu dövlətlər arasında münasibətlərin hüquqi, siyasi, iqtisadi və kommunikasiya əsaslarının yenidən nəzərdən keçirilməsi zərurətini yaradıb. Bu istiqamətdə vacib strateji qərarların qəbul edilməsi qaçılmazdır. Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində məhz bu məsələlər müzakirə olunub, konkret layihələr üzrə razılaşmalar əldə edilib. Görüşlər çərçivəsində müzakirə olunan məsələlər, sadəcə, ikitərəfli əməkdaşlığın artırılmasını deyil, həm də bölgənin təhlükəsizliyini, iqtisadi əlaqələrin və tranzit-kommunikasiya təşəbbüslərinin gələcək perspektivlərini də əhatə edib. 

Tərəflər qarşılıqlı hörmət və etimad prinsipinə söykənən təmasların davamlı formada irəlilədiyini təsdiqləyiblər. Gürcüstanın Baş naziri nitqində xalqlarımız arasındakı qədim əlaqələrə işarə edərək deyib: "Əsrlər boyu xalqlarımızı yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağlayıb". Bu yanaşma iki ölkənin münasibətlərinin təkcə siyasi, yaxud ticari mənfəətlərə deyil, həm də köklü keçmişə dayandığını bir daha təsdiqləyir. Prezident İlham Əliyev isə bəyanatında vurğulayıb ki, mövcud münasibətlər regionda əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır və tərəfdaşlıq gələcəkdə də inkişaf edəcək. Dövlətimizin başçısı qeyd edib ki, "bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər". Bu yanaşma Azərbaycan və Gürcüstan arasında formalaşmış qarşılıqlı etimadın və ortaq maraqların əhəmiyyətini göstərir.

Səfər çərçivəsində iqtisadi sahədəki tərəfdaşlıq geniş təhlil olunub. Qeyd edilib ki, ticarət həcminin çoxalması, qarşılıqlı sərmayə qoyuluşlarının artırılması və müştərək layihələrin icrası əməkdaşlığın maliyyə dayaqlarını daha da möhkəmləndirir. Gürcüstandakı əlverişli investisiya şəraiti Azərbaycan iş adamlarının fəaliyyətinin genişlənməsinə təkan verir, eyni zamanda yeni layihələr üçün zəmin hazırlayır. 

Bununla yanaşı, enerji və nəqliyyat sektorundakı müştərək fəaliyyət strateji əməkdaşlığın ana xətlərindən biri kimi aktuallığını qoruyur. Azərbaycanın enerji ehtiyatlarının qlobal bazarlara çıxmasında Gürcüstanın tranzit ölkə funksiyası həyati əhəmiyyət kəsb edir. Bununla yanaşı, Şərqlə Qərbi qovuşduran nəqliyyat yollarının təkmilləşdirilməsi hər iki dövlətin regional logistika qovşağına çevrilmə ehtimalını gücləndirir. Bu faktorlar Cənubi Qafqazın beynəlxalq arenadakı çəkisini daha da artırır. 

Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. İki dövlət hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyib. 

Müzakirələrdə regional sabitlik və sülh məsələləri də yer alıb. Tərəflər Cənubi Qafqazda həmrəylik mühitinin möhkəmləndirilməsinin vacibliyini ifadə edərək, yeni siyasi reallıqların bölgəyə əlavə imkanlar qazandırdığını vurğulayıblar. Bu yöndən baxdıqda Azərbaycan-Gürcüstan tərəfdaşlığı bölgədə həm iqtisadi, həm də siyasi dayanıqlığın təmin olunmasında həlledici rol oynayır. Yekun olaraq, səfər zamanı aparılan fikir mübadilələri və verilən bəyanatlar nümayiş etdirdi ki, iki dövlət arasındakı strateji bağlar daha da sıxlaşır. Tarixi yaxınlıq, qarşılıqlı yardım və ortaq qayələr üzərində bərqərar olan bu münasibətlər növbəti illərdə regionun tərəqqisinə və əməkdaşlığın miqyasının genişlənməsinə böyük fayda verəcək.

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Избранный
32
azerbaijan-news.az

1Источники