Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən baxış iclasında dövlət ittihamçısı Elvin Mirzəyev ittiham aktını elan edib.
Daha sonra ifadə vermək üçün təqsirləndirilən şəxsə söz verilib. Tiktoker ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.
Məhkəmə qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyev ötən ilin noyabrında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Tiktokerin üzərinə baxış zamanı 1 bükümdə kustar üsulla hazırlanmış 2,93 qram metamfetamin aşkar edilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elsevər Nəbiyev dəfələrlə TikTokda "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb.
Tiktoker bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib./unikal.az/