Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Unikal"ın verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin bacısı Gülnar Məmmədova şahid qismində ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşının ögey qardaşıdır:
"Hadisə qayınatamın evində baş verib. Hadisə sübh tezdən 5 radələrində olub. Həyat yoldaşım məhkumluq həyatı yaşayır. Sabah onun yanına gedəcəyimdən axşamdan uşaqlarımla qayınatam gilə gəldik. Təqsirləndirilən şəxs, qardaşım Babək və onun nişanlısı Nəzrin bir otaqda idilər. Dedim ki, sakit olun uşağı yatızdırıb sumkanı yığım. Birdən qışqırıq səsi başladı. Otağa girəndə gördüm ki, Araz dayanmadan qardaşıma bıçaq zərbələri vurur. Güclə müdaxilə edib yerə yıxdıq onu zərərsizləşdirdik. Onun başına iki dəfə taxta ilə zərbə vurdum. Hər yer qan idi. Onu da qeyd edim ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. O, mənə nifrət edir və düşmən münasibəti bəsləyir. Buna səbəb isə onun maşında həmcinsi ilə erotik videosu əlimə keçməsidir. Dəfələrlə davalarımız olub. Bir dəfə də çayniki başıma çırpdı. Xəstəxanada başıma 40 tikiş atmışdılar. Sadəcə yoldaşıma görə şikayət etmədim".
Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin fevralında Bakının Əmircan qəsəbəsində baş verib.
Aparılan istintaqla müəyyən edilib ki, 28 fevral 2025-ci il tarixdə Araz Səmədovun yaşadığı Əmircandakı fərdi yaşayış evinə qardaşının qaynı, həmçinin bacısı Şahmuradova Nəzrin nişanlısı olan Uğurlu Babək qonaq gəlir.
Bu məqamda müəyyən vaxt keçdikdən sonra Araz Babəki onun bacısı Nəzrinlə yataq otağında söhbət edən zaman zorlamasını, seksual xarakterli zorakı və əxlaqsız hərəkətlər etməsini güman edərək onu qəsdən öldürmək qərarına gəlir.
Araz qonaq otağından bıçağını götürərək yataq otağına daxil olur və bacısından dərhal otaqdan çıxmasını tələb edir. Lakin bacısı otaqdan çıxmadıqda ilk olaraq Babək Uğurlunun sifət nahiyəsinə yumruq zərbəsi vurur, daha sonra Araz əlindəki bıçağı bacısının sifət nahiyəsinə sıxaraq zərif çapıq xəsarəti yetirir və təkrarən otaqdan çıxmasını tələb edir.
Bu zaman bacısının nişanlısı olan Babəki öldürmək məqsədi ilə əlindəki bıçaqla onun sinə, qarın və bədəninin müxtəlif nahiyələrinə, ümumilikdə 7 bıçaq zərbəsi endirir.
Babək Uğurlunun yaralı vəziyyətdə aktiv müdafiə olunması, eyni zamanda evdə olan şəxslərin köməyi və vaxtında müdaxiləsi nəticəsində Araz Səmədovun əlindən bıçağı almaq və zərərsizləşdirmək mümkün olur. Bununla da Araz niyyətini başa çatdıra bilmir və Babəkin həyatı xilas edilir.
Araz Səmədova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu