Astana, 7 aprel, AZƏRTAC
Qazaxıstanda xarici işlər nazirinin müavini Arman İsetov və Almaniya XİN-də Avropa məsələləri üzrə dövlət naziri Qunter Krixbaum arasında keçirilən görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı müzakirə olunub.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş alman diplomatın Astanaya işgüzar səfəri çərçivəsində baş tutub.
Tərəflər siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə Qazaxıstan-Almaniya əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, o cümlədən alman şirkətlərinin Qazaxıstandakı infrastruktur layihələrində iştirakı məsələləri də müzakirə mövzusu olub.
Tərəflər çoxtərəfli platformalarda səylərin əlaqələndirilməsi də daxil olmaqla, aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.