RU

Regionlarda əlilliyi olan uşaqlara “RehaBus” vasitəsilə mobil reabilitasiya xidməti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi regionlarda əlilliyi olan uşaqlara xidmətlərin əlçatanlığını artırmaq üçün “RehaBus” (Reabilitasiya avtobusu) layihəsini həyata keçirir. Ötən dövrdə layihə çərçivəsində 3 minə yaxın uşaq bu mobil xidmətlərdən faydalanıb.

 

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızı QHT.az-a olan açıqlamasında qeyd edir ki, layihə xüsusilə reabilitasiya xidmətlərinə çıxışı məhdud olan regionlarda yaşayan ailələr üçün böyük əhəmiyyət daşıyır. O hesab edir ki, bu təşəbbüs xidmətlərin vətəndaşlara daha da yaxınlaşdırılması və erkən müdaxilə imkanlarının genişləndirilməsi baxımından önəmlidir.

 

O xatırladır ki, ölkədə əlilliyi olan uşaqlara yönəlik reabilitasiya, sosial xidmət, müdafiə və dəstək mexanizmlərində son illərdə müsbət irəliləyişlər müşahidə olunur. Cəmilə Çingizqızı bildirir ki, dövlət proqramları, reabilitasiya mərkəzlərinin sayının artırılması və sosial xidmətlərin genişləndirilməsi bu sahədə atılan vacib addımlardandır. Lakin eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün ixtisaslaşmış xidmətlərin çatışmazlığı, regionlarda mütəxəssis qıtlığı və valideynlərin maarifləndirilməsi sahəsində boşluqlar hələ də mövcuddur.

 

Cəmilə Çingizqızı hesab edir ki, uşaqların cəmiyyətə inteqrasiyasını gücləndirmək üçün erkən diaqnostika və erkən müdaxilə xidmətləri inkişaf etdirilməli, inklüziv təhsilin keyfiyyəti artırılmalı, məktəblərdə işarə dili mütəxəssislərinin, loqopedlərin və xüsusi təhsil müəllimlərinin sayı artırılmalıdır. Eyni zamanda müəllimlərin davamlı təlimlərə cəlb olunması da vacibdir.

 

O xatırladır ki, mobil reabilitasiya xidmətlərinin – o cümlədən “RehaBus” layihəsinin coğrafiyasının genişləndirilməsi və davamlılığının təmin olunması vacibdir. Cəmilə Çingizqızı hesab edir ki, cəmiyyətin maarifləndirilməsi və əlilliyi olan uşaqlara qarşı həssas yanaşmanın təşviqi onların sosial həyata daha aktiv qoşulmasına və potensiallarını reallaşdırmasına imkan yaradır.

 

Cəmilə Çingizqızı bildirir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığı yüksək qiymətləndirir. O hesab edir ki, Agentliyin QHT-lərlə açıq və konstruktiv dialoq qurması əlilliyi olan şəxslərin ehtiyac və təkliflərini birbaşa çatdırmasına, problemlərin daha yaxından öyrənilməsinə və effektiv həll yollarının müəyyənləşdirilməsinə imkan yaradır.

 

Cəmilə Çingizqızı xatırladır ki, bu model güclü və dayanıqlı dəstək mexanizmidir və digər dövlət qurumları da QHT-lərlə əməkdaşlığa daha açıq olmalıdır. O hesab edir ki, dövlət və vətəndaş cəmiyyəti arasında qurulan bu cür tərəfdaşlıqlar sosial siyasətin daha inklüziv, ədalətli və təsirli həyata keçirilməsinə mühüm töhfə verir.

Zəhra Ağayeva

Избранный
9
qht.az

1Источники