RU

Şəmsi Qocayev: Magistratura artıq sadəcə diplom deyil, əmək bazarında rəqabət üçün vacib mərhələdir

Dövlət İmtahan Mərkəzinin açıqladığı son rəqəmlər magistratura səviyyəsinə marağın hələ də yüksək olduğunu göstərir. Aprelin 7-si saat 09:15-ə olan məlumata görə, ikinci cəhd üzrə qəbul imtahanında iştirak üçün artıq 4252 bakalavr ərizəsini təsdiqləyib ki, bu da ali təhsilin növbəti pilləsinə tələbatın davam etdiyini göstərir. Ekspertlərin fikrincə, magistratura təhsilinin keyfiyyəti son illərdə müəyyən inkişaf mərhələsi keçsə də, bu səviyyəyə maraq əsasən əmək bazarında rəqabət qabiliyyətinin artırılması və akademik karyera perspektivləri ilə bağlıdır.

Magistratura təhsili bu gün gənclər üçün sadəcə növbəti diplom pilləsi deyil, əmək bazarında artan rəqabət şəraitində vacib ixtisaslaşma mərhələsinə çevrilib. Bu sözləri Təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlamasında bildirib və onu fikrincə, bu pilləyə marağın yüksək olması gənclərin həm akademik, həm də peşəkar hədəflərində israrlı olduqlarını göstərir.

Ş.Qocayevin sözlərinə görə, mövcud statistika bakalavr məzunlarının magistratura təhsilini “ikinci şans” kimi dəyərləndirdiyini ortaya qoyur. O bildirib ki, bu yanaşma gənclərin təhsildə daha yüksək nəticələr əldə etmək və gələcək karyeralarında üstünlük qazanmaq istəklərindən qaynaqlanır.

“Magistratura təhsili hazırda gənclər üçün sadəcə bir diplom növbəsi deyil, əmək bazarındakı sərt rəqabətə tab gətirmək üçün vacib bir ixtisaslaşma mərhələsidir” – deyə ekspert qeyd edib.

Şəmsi Qocayev bildirib ki, son illərdə magistratura proqramlarının müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bununla belə, ekspertin fikrincə, təhsil sistemində nəzəri biliklərin praktikadan daha üstün mövqedə qalması əsas problemlərdən biri olaraq qalır.

Ekspert vurğulayıb ki, gənclərin magistratura pilləsinə marağı əsasən elmi tədqiqatdan daha çox peşəkar karyerada üstünlük əldə etmək məqsədi daşıyır. Bu isə proqramların əmək bazarının real tələblərinə uyğunlaşdırılmasını daha da zəruri edir.

“Keyfiyyəti daha yüksək pilləyə daşımaq üçün magistratura proqramlarının real iş dünyasının tələbləri ilə daha sıx inteqrasiya olunması olduqca vacibdir” – deyə Ş.Qocayev əlavə edib.

Onun sözlərinə görə, tələbələrə müstəqil tədqiqat imkanlarının daha geniş təqdim olunması magistratura təhsilinin keyfiyyətinin artırılmasına ciddi töhfə verə bilər. Ekspert hesab edir ki, nəzəri və praktik biliklərin balanslı şəkildə təqdim olunması həm akademik inkişaf, həm də əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Fatimə Nəbiyeva

Избранный
35
qht.az

1Источники