RU

Haitidə silahlı dəstələrin yarısı uşaqlardan ibarətdir

Haitidə təhlükəsizlik böhranı daha da dərinləşir. Ekspertlərin hesablamalarına görə, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin təxminən 50 faizini uşaqlar təşkil edir.

CNN xəbər verir ki, BMT-nin son hesabatına əsasən, təkcə 2024-cü ildə paytaxt Port-o-Prensdə azı 302 uşaq döyüş və digər təhlükəli fəaliyyətlərdə istifadə olunub.

Ölkədə yeni çoxmillətli təhlükəsizlik qüvvəsi formalaşdırılır. İlkin plana görə, BMT Təhlükəsizlik Şurasının səlahiyyət verdiyi missiya çərçivəsində təxminən 5500 nəfərlik xarici polis və hərbçi Haiti polisi ilə birgə fəaliyyət göstərəcək.

UNICEF-in Haiti üzrə nümayəndəsi bildirib ki, əməliyyatlar nəticəsində bir çox uşağın silahlı qruplardan ayrılması gözlənilir. Silahlı dəstələr sosial şəbəkələr vasitəsilə uşaqları öz sıralarına cəlb edir. Onlara pul, yemək, sığınacaq və “daha yaxşı həyat” vəd edilir. BMT-nin məlumatına görə, bəzi tapşırıqlar üçün uşaqlara 100-300 dollar, daha təhlükəli əməliyyatlar üçün isə 700 dollara qədər ödəniş edilir.

Məlumata görə, evsiz və yoxsul uşaqlar ən çox risk altındadır. Bəzi ailələr isə yaşadıqları təhlükə səbəbindən övladlarını qorunmaq ümidi ilə dəstələrə təhvil verir. 

UNICEF və digər beynəlxalq təşkilatlar silahlı dəstələrdən ayrılan uşaqların cəmiyyətə yenidən inteqrasiyası üçün xüsusi proqramlar həyata keçirir. İndiyədək 500-dən çox uşaq bu proqramlara cəlb olunub. Mütəxəssislər bildirirlər ki, təhlükəsizlik tədbirləri ilə yanaşı, aclıq, yoxsulluq və sosial problemlərin həlli də əsas prioritet olmalıdır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
17
azerbaijan-news.az

1Источники