RU

Plan işə yaramır: Putin Paşinyanla işləməyə məcbur qalacaq

Moskvada aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra iki ölkə arasında enerji və siyasi münasibətlər yenidən gündəmə gəlib. 

Belə ki, Vladimir Putin Baş nazir Nikol Paşinyana bildirmişdi ki, Avropada qaz qiymətləri min kubmetr üçün 600 dollardan yüksək olduğu halda, Rusiya Ermənistana qazı 177,5 dollara satır. 

Kremldə səsləndirilən açıqlamalarda Rusiyanın Ermənistana qazı Avropa bazarı ilə müqayisədə xeyli aşağı qiymətə təqdim etdiyi vurğulansa da, İrəvandan səslənən son bəyanatlar diqqət çəkib. 

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın qaz qiymətlərini artıracağı təqdirdə ölkəsinin KTMT və Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini bildirib. Bununla belə, o, ümidlə əlavə edib ki, vəziyyət o həddə çatmayacaq.

Bu açıqlamaya münasibət bildirən Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev isə Simonyanın iddialarını yanlış hesab edərək, belə yanaşmanın reallığı əks etdirmədiyini vurğulayıb. 

Rusiya qaz qiymətləri vasitəsilə Ermənistana siyasi təzyiq göstərir? Yaxın perspektivdə Rusiya –Ermənistan münasibətlərində gərginliyin artacağı gözlənilirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya ilə münasibətlərin daha da gərginləşəcəyi ehtimalı kifayət qədər yüksəkdir. 

O qeyd edib ki, Rusiya tərəfi son dövrlər Ermənistanın Qərblə yaxınlaşmasına dair narazılığını davamlı şəkildə ifadə edir: 

“Bu narazılıqların ən yüksək səviyyədə səsləndirilməsi isə biz aprelin 1-də Moskvada baş tutan Nikol Paşinyanın səfəri zamanı aydın şəkildə müşahidə etdik. 

Belə ki, Vladimir Putinin dilindən müxtəlif istiqamətlərlə bağlı Ermənistan tərəfinə ünvanlanan mesajlar faktiki olaraq təhdid xarakteri daşıyırdı. Hətta iş o yerə çatdı ki, Rusiya Prezidenti Ermənistanın daxili işlərinə qarışacaq səviyyədə məsələlərə münasibət bildirdi. Burada əsas vurğu parlament seçkiləri ilə bağlı idi”. 

Politoloq əlavə edib ki, Putin çıxışı zamanı Avropada qazın qiyməti ilə Rusiyanın Ermənistana satdığı qiymət arasındakı fərqi də diqqətə çatdırmaqla faktiki olaraq Ermənistan tərəfinə enerji faktorunun təzyiq vasitəsi kimi istifadə oluna biləcəyinə açıq işarə etdi: 

“Yəni Putin Pşainyana mesaj verdi ki, əgər Ermənistan Qərbyönümlü siyasətini davam etdirər və Rusiyanın orbitindən çıxmağa çalışarsa, qaz ya Avropa qiymətləri ilə təqdim oluna bilər, ya qaz tədarükü ilə bağlı məsələlərə yenidən baxıla bilər, ya da ümumiyyətlə, dayandırıla bilər. 

Ermənistan tərəfinin reaksiyası da gecikmədi. Parlament rəhbərliyi tərəfindən sərt mövqe ortaya qoyuldu. Şübhəsiz ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətləri olsa da, bu, indinin məsələsi deyil. 

Bu, daha çox orta perspektivə hesablandığı görünür. Hazırkı mərhələdə Ermənistan həm Qərblə yaxınlaşma siyasəti həyata keçirtməklə həm də Rusiyanın iqtisadi imkanlarından yararlanmağa çalışır”. 

Oqtay Qasımov vurğulayıb ki, ümumilikdə, bu cür bəyanatlar seçkiqabağı kampaniyanın tərkib hissəsidir və tərəflər qarşılıqlı şəkildə bir-birinə təzyiq göstərmək üçün müxtəlif rıçaqlardan istifadə edirlər: 

“Rusiya müxtəlif istiqamətlərdən Ermənistana təzyiq etdiyi halda, Ermənistan da KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı Moskvanı müəyyən mənada şantaj etməyə çalışır.Düşünürəm ki, iyunun 7-də keçiriləcək parlament seçkilərinə qədər tərəflər arasında bu cür qarşılıqlı söz duelləri davam edəcək. 

Mövcud mənzərə onu göstərir ki, Rusiya seçkilərə qədər təzyiqləri maksimum səviyyədə artıraraq Nikol Paşinyan hakimiyyətinə təsir göstərməyə, hətta onun zəiflədilməsinə çalışacaq. 

Lakin bu cəhdlər nəticə verməzsə, Moskvanın Paşinyan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməsi də istisna deyil, bunun ilkin siqnalları artıq Moskva görüşü zamanı gördük”. 

Избранный
39
1
cebheinfo.az

2Источники