RU

“Prezidentin Gürcüstana səfəri münasibətləri gücləndirmək məqsədi daşıyır” -Deputat

"Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında mövcud münasibətləri qorumaq və daha da gücləndirmək məqsədi daşıyır. Dövlət başçısının Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü tərəflərin bir-biri ilə yaxın əməkdaşlıq etdiyini göstərir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi.

Onun sözlərinə görə, Gürcüstanın Baş nazirinin Azərbaycan Prezidentini “dəyərli dost” adlandırması münasibətlərin yaxşı səviyyədə olduğunu göstərir:

"Bu, uzun illər ərzində qurulmuş etimadın nəticəsidir. Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələr də güclüdür. İki ölkə arasında ticarət dövriyyəsi təxminən 1 milyard dollar civarındadır. Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkələrdən biridir. Ümumilikdə, Azərbaycan tərəfindən qoyulan investisiyalar 3 milyard dollardan çoxdur".

Millət vəkili qeyd etdi ki, enerji sahəsində əməkdaşlıq çox vacibdir:

"Azərbaycan Gürcüstana qaz ixrac edir və bu qaz ölkənin ehtiyacının böyük hissəsini qarşılayır. Eyni zamanda, Azərbaycan öz enerji resurslarını Gürcüstan üzərindən digər ölkələrə çatdırır. Nəqliyyat sahəsində də əməkdaşlıq var. Bakı–Tbilisi–Qars dəmir yolu bu baxımdan mühüm layihədir və yük daşımalarında istifadə olunur. Bu əməkdaşlıq regionda sülh və sabitliyə də müsbət təsir göstərir. Azərbaycan və Gürcüstan arasında yaxşı münasibətlər Cənubi Qafqazda gərginliyin azalmasına kömək edir. İki ölkənin birgə layihələri və açıq dialoqu regionda əməkdaşlıq mühitini gücləndirir. Ümumilikdə, bu səfəri iki ölkə arasında münasibətlərin davamı və daha da inkişafı kimi qiymətləndirmək olar. Bu əlaqələrin təkcə iqtisadi deyil, həm də regionda sülh və sabitlik baxımından əhəmiyyətli rolu var. Gələcəkdə də bu əməkdaşlığın genişlənəcəyi gözlənilir".

Aytəkin TOFİQQIZI

Избранный
13
1
redaktor.az

2Источники