RU

AFB Bank-da ikiqat pozuntu : həm sərəncam, həm 2000 manat cərimə

Azərbaycan Mərkəzi Bankı tərəfindən “AFB Bank” ASC-yə icrası məcburi sərəncam verilib və bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

MilliYol.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, “AFB Bank” ASC tərəfindən inzibatçı vəzifəsinə təyinat və dəyişikliklərlə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim edilməyib. Bu hal “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilib. Bununla əlaqədar olaraq, Qanunun 47-ci maddəsi rəhbər tutulmaqla, Mərkəzi Bank tərəfindən banka gələcəkdə oxşar halların təkrarlanmaması məqsədilə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Bununla yanaşı, “AFB Bank” ASC tərəfindən prudensial hesabatların forması, məzmunu və təqdim olunması qaydalarının tələblərinin pozulması faktı da müəyyən edilib. Qeyd olunan pozuntuya görə “Banklar haqqında” Qanunun 47-ci maddəsi rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankın vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.

AMB vurğulayıb ki, hesabatlılıq forması üzrə yol verilmiş pozuntular bankın maliyyə dayanıqlılığına hər hansı təhdid yaratmır.

Sözügedən bank 2008-ci ildə “Azfinansbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) adı ilə dövlət qeydiyyatına alınıb. Bank 2009-cu ildə isə rebrendinq edərək indiki adını – “AFB Bank” ASC olub. Nizamnamə kapitalı 70 milyon 393 min 455 manat olan bankın qanuni təmsilçisi Xubanlı Orxan Qurban oğludur.

 

Избранный
6
5
milliyol.az

6Источники