RU

Azərbaycanda ilk dəfə “Africa Week” təşəbbüsü həyata keçiriləcək

 

Azərbaycanda ilk dəfə olaraq “Africa Week” (Afrika Həftəsi) layihəsi reallaşdırılacaq. Bu təşəbbüs Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, ticarət, investisiya, səhiyyə və təhsil sahələrində əməkdaşlığın inkişafına yönəlib və iki region arasında əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacaq.

Layihə çərçivəsində ilk tədbir kimi regionun aparıcı beynəlxalq sərgilərindən olan “Caspian Agro 2026” və “InterFood Azerbaijan 2026” daxilində ilk dəfə “Afrika Pavilyonu”nun yaradılması nəzərdə tutulur. Pavilyonda Afrika ölkələrinin kənd təsərrüfatı və qida məhsulları, innovativ texnologiyaları və ixrac potensialı təqdim olunacaq.

 “Africa Week” layihəsinin əsas tədbirlərindən biri də 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu – Azərbaycan–Afrika Biznes Paneli olacaq. Panel müzakirələri 07 may 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində baş tutacaq.

Panel çərçivəsində kənd təsərrüfatı, qida sənayesi, logistika və investisiya sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək, həmçinin Azərbaycan və Afrika ölkələri arasında yeni biznes əlaqələrinin qurulması məqsədilə ikitərəfli görüşlər təşkil olunacaq.

Bundan əlavə, “Africa Week” çərçivəsində səhiyyə və təhsil sahələrində əməkdaşlığa dair təqdimatlar, beynəlxalq klinikaların çıxışları və təhsil mübadiləsi proqramları da planlaşdırılır. Layihə çərçivəsində müxtəlif sahələri əhatə edən əlavə tədbirlərin və side-eventlərin keçirilməsi də nəzərdə tutulub.

Təşkilatçıların məlumatına görə, tədbirlərdə Afrika ölkələrindən 40-dan çox iş adamının və nümayəndənin iştirakı gözlənilir. Bu layihə Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma hesab olunur.

 “Africa Week” layihəsi “Africa–Azerbaijan Cooperation” (Azərbaycan–Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyası) tərəfindən təşkil olunur. Gələn qonaqların iştirakı ilə Africa–Azerbaijan Cooperation təşkilatının 3 illik yubileyi qeyd olunacaqdır.

Assosiasiyanın sədri Rəna Qəfərova yerli sahibkarları və biznes nümayəndələrini layihədə fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bu təşəbbüs Azərbaycan və Afrika arasında iqtisadi əməkdaşlığın inkişafına yeni təkan verəcək və yerli şirkətlər üçün yeni bazarlara çıxış imkanları yaradacaq.

Избранный
3
1
qht.az

2Источники