RU

Bu hoteldə MÜŞTƏRİ də, XİDMƏTÇİ də tələbədir – Azərbaycanda ilk – VİDEO

Lənkəranın sakit guşələrindən biri. Şəhərin özünəməxsus ritmi, küçələrdəki hərəkət və bölgəyə xas sadəlik bu məkanın ruhunu hiss etdirir. Bu abı-havanın içində yerləşən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ilk baxışdan adi bir təhsil ocağı təsiri bağışlasa da, daxil olduqda tamam fərqli mühitlə qarşılaşırsan.

Burada yerləşən Təlim-Qonaq evi, sadəcə, bir qonaqlama məkanı deyil, həm də canlı dərs otağıdır. Qapıdan içəri daxil olan kimi diqqəti çəkən ilk məqam səliqə-sahman, təmizlik və nizam-intizam olur. Amma bu nizamın arxasında peşəkar hotel işçiləri yox, gələcəyin mütəxəssisləri - tələbələr dayanır.

Onlar burada yalnız nəzəri biliklərlə kifayətlənmirlər. Hər biri öz sahəsini əyani şəkildə öyrənir: biri otaqları hazırlayır, digəri qonaq qarşılama qaydalarını tətbiq edir, başqası isə restoran hissəsində xidmət göstərir. Yatağın necə düzəldilməsindən tutmuş süfrənin necə təqdim olunmasına qədər hər detal diqqətlə icra olunur. Bu isə təcrübə ilə yanaşı, məsuliyyət hissinin formalaşmasıdır.

Mərkəzdə təşkil olunan media turu zamanı jurnalistlərə bildirildi ki, bu layihənin əsas məqsədi tələbələrə real iş mühitini yaratmaqdır. Onlar burada həm öyrənir, həm də işləyərək bacarıqlarını inkişaf etdirirlər. Bu yanaşma klassik təhsil modelindən fərqli olaraq, tələbəni birbaşa peşənin içinə salır.

Elm və təhsil nazirinin müavini bildirdi ki, qonaq evinin 22 otağı var. Hələlik buraya kənar qonaqlar qəbul edilmir. Daha çox tələbələrin özlərinin bu mühitdə öyrənməsi prioritet hesab olunur. Məqsəd sadədir: əvvəl keyfiyyətli xidmət formalaşdırmaq, sonra isə bu təcrübəni real qonaqlarla bölüşmək.

“Bu model artıq bəzi bölgələrdə özünü doğruldub. Tələbələr yalnız mərkəzdə deyil, regionlardakı hotellərdə də praktikaya cəlb olunur, sahənin peşəkarları isə mütəmadi olaraq dərslərə dəvət edilir. Beləliklə, təhsil və real sektor arasında körpü qurulur”, - deyə nazir müavini qeyd edir.

Lənkərandakı bu təlim-qonaq evi bir daha göstərir ki, peşə öyrənmək yalnız kitabdan keçmir. Bəzən ən yaxşı dərs səliqə ilə düzəldilmiş bir yataqda, düzgün təqdim olunmuş bir süfrədə və ya gülərüz xidmətin arxasında gizlənir. Burada tələbələr, sadəcə, hotelçilik öyrənmir, onlar qonaqpərvərliyin ruhunu mənimsəyirlər...

Şahanə Rəhimli,
Musavat.com

Избранный
46
musavat.com

1Источники