RU

İqtisadi birlikdən hərbi müttəfiqliyə: TDT qlobal güc mərkəzi kimi - ŞƏRH

Bakı, 6 aprel, AZƏRTAC

Müasir dünyada cərəyan edən gərgin geosiyasi proseslər onu göstərir ki, müttəfiqlik və birlik olmadıqda hər bir dövlət ayrı-ayrılıqda zəifdir. İqtisadi, siyasi, hərbi və digər sahələrdə birlikdə addımlamaq və mövqeləri uzlaşdırmaq qlobal arenada mühüm yer tutmaqla yanaşı təhlükəsizliyi təmin edir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli ekspert, professor-doktor Ali Fuat Gökçe deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri yaxın xalqlar olması ilə yanaşı, eyni mədəniyyətə, milli mənəvi dəyərlərə, din və dil yaxınlığına malikdirlər ki, bunlar da qarşılıqlı əlaqələr zamanı mühüm rol oynayır.

“Hər bir türk dövlətinin başçısı digərini çox dərindən anlayır. Digər tərəfdən həm iqtisadi, həm də siyasi əlaqələrin artması üçün imkanlarla yanaşı siyasi iradə də var. Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) zəngin təbii resursları, gənc əhalisi və strateji coğrafi mövqeyi ilə böyük iqtisadi potensiala malikdir. 2024-cü ildə regionun birgə nominal ümumi daxili məhsulu (ÜDM) 500 milyard dolları keçib. İqtisadiyyatın əsas sahələrinin energetika, nəqliyyat-logistika və kənd təsərrüfatı təşkil edir. Xəzər hövzəsi vasitəsilə Azərbaycanla artan inteqrasiya, regional iqtisadi təsir imkanlarını gücləndirir. Regionun iqtisadi potensialının əsas istiqamətləri enerji resurslarından ibarətdir. Qazaxıstan və Türkmənistan neft və qaz ehtiyatları, həmçinin hasilatı üzrə dünyada önəmli yer tutur. Mineral xammal üzrə region mis, uran, qızıl və digər nadir metallarla zəngindir. Nəqliyyat-logistika baxımından Çin, Rusiya və Avropa arasında körpü rolunu oynayan Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) kimi strateji marşrutlar üzərində yerləşir. Özbəkistan və Qazaxıstan kimi ölkələr investisiya mühitini yaxşılaşdıraraq ticarət dövriyyəsini artırır. Kənd Təsərrüfatında pambıq, taxıl və meyvə-tərəvəz istehsalı yüksəkdir”, - deyə Ali Fuat Gökçe vurğulayıb.

Professor qeyd edib ki, Mərkəzi Asiyanın dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycan və Türkiyədən keçir: “Mərkəzi Asiya-Avropa Yaşıl Enerji Dəhlizi, Orta Dəhliz və onun davamı olacaq Zəngəzur dəhlizi kimi layihələr TDT üzvlərini birləşdirir. Bu dövlətlərin hərbi sahədə də əməkdaşlığı artırılmalıdır. Vahid silahlı qüvvələrin yaradılmasının zamanı çatıb. TDT iqtisadi birlikdən siyasi və hərbi ittifaqa transfer edərsə qlobal arenada əhəmiyyətli dövlətlər bloku yaradıb təhlükəsizliyi artırar”.

 

Избранный
15
1
azertag.az

2Источники