Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı keçirilib.
Mərasimdə çıxış edən Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Risalə” elmi araşdırmalar jurnalının ayrı-ayrı nömrələrinin təqdimatının ənənəyə çevrildiyini söyləyib. O, ötən il jurnalın daha iki sayının işıq üzü görməsini Azərbaycn elmi-mədəni həyatında əlamətdar hadisə kimi dəyələndirib.
“Risalə” elmi araşdırmalar jurnalının filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısında olduğunu bildirən akademik Rafael Hüseynov nəşrin yeni saylarında muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorlarının, eləcə də dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların müxtəlif mövzuları ehtiva edən elmi məqalələrinin dərc edildiyini vurğulayıb. Qeyd edib ki, araşdırmaçılar məqalələrində Azərbaycan klassik və müasir ədəbiyyatının bir sıra aktual və az öyrənilmiş problemlərinə yeni görüş bucağından yanaşıblar. Vəsaitdə klassik və müasir Şərq və Azərbaycan ədəbiyyatı, mədəniyyətşünaslığın ayrı-ayrı problemləri ilə əlaqədar 20-dən artıq məqalə yer alıb.
Direktor Ədəbiyyat Muzeyində “Risalə” elmi araşdırmalar jurnalı ilə yanaşı, “Beşlik” – “Qaynaq” mənbələr toplusu, “Şərq” tərcümə toplusu, “Xəzinə” kataloqlar toplusu və “Məclis” mərasimlər toplusunun da dərc edildiyini diqqətə çatdırıb. O, sanballı yazıların, elmi məqalələrin və müxtəlif araşdırmaların toplandığını bu nəşrlərin hər birinin böyük dəyər daşıdığını olduğunu bildirib.
Akademik Rafael Hüseynov “Risalə” jurnalında dərc olunan məqalələrin elmi əhəmiyyətini qeyd edib, müəlliflərə yaradıcılıq uğurları arzulayıb.
Sonda tədbirdə iştirak edən məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ