RU

DTX rəisindən İSMARIŞ – Ətrafımızda baş verənlər…

“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib.

“Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq etmişdir. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərmişdir. Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”, - qurum rəhbəri vurğulayıb.

İRAN

Göründüyü kimi, qlobal və regional gərginliklər bütün ölkələri, xüsusən də Azərbaycanı təhlükəsizliyin təmin olunmasında yeni addımlar atmağa vadar edir. Rusiya və İran kimi böyük qonşularımız müharibə içərisindədir.

DTX rəisinin bu xəbərdarlığı başqa nə kimi risklərdən bizi agah edir?

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, cənab general-polkovnikin dediyi kimi, dünya sistemində hüququn gücündən çox, gücün hüququnun işləməsi doğrudan da beynəlxalq təhlükəsizliyə ciddi zərər gətirib və dünyada, o cümlədən regionumuzda əməliyyat şəraitində müəyyən dəyişikliklər edib:

“Həqiqətən də hər iki qonşumuz - İranın və Rusiyanın müharibə aparmasının və bu müharibələrin hansısa bir şəkildə bizə də müəyyən təsirləri var. Ona görə ki, müharibə aparan ölkələrdən biri - Rusiyanın hədəfində postsovet məkanıdır. Yəni faktiki olaraq Ukraynadakı müharibənin Cənubi Qafqaza keçirəcəyi ehtimalı var”.

Onun fikrincə, Rusiyanın Ermənistana təsirlərini nəzərə almaq lazımdır:

“Həmçinin, Ermənistanla sülh müqaviləmiz yoxdur və perspektivdə risklər yarana bilər. İkincisi, müharibə aparan İranın öz problemləri ilə bərabər, Yaxın Şərqə iddialı olduğu, regionda müəyyən dominant rol oynamaq istədiyi məlumdur. Bu gün ABŞ və İsraillə apardığı müharibəyə bizidə cəlb etmək üçün müəyyən təxribatlara əl atılır. Naxçıvana atılan dronlar da buna sübutdur”.

İlham

İ.İsmayıl hesab edir ki, perspektivdə müharibənin daha da genişlənməsi, daha sərtləşməsi istər-istəməz qonşu ölkələrə, o cümlədən bizə təsir edir:

“Ən əsası odur ki, bu qarışıqlıqlar davam etdiyi müddətdə Azərbaycan öz təhlükəsizliyini qoruyur. Çünki əməliyyat şəraitinə ciddi nəzarət edir və vətəndaşların təhlükəsizliyi həqiqətən də qorunur. Yalnız müharibələr məsələsi deyil, digər güclərin də yaranmış situasiyadan bölgəyə təsir imkanları arta bilər. Bunun üçün qəsdən müəyyən addımlar atılması istisna deyil. Normal münasibətdə olan ölkələrlə münasibətləri pozmaq üçün təxribatçı addımlar atıla bilər. Yəni dünya onsuz da qarışıb və bu reallıqda təhlükəsizliyi qorumaq böyük əmək tələb edir”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
21
2
musavat.com

3Источники