RU

Aydın Əliyev Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindəki baş verənlərdən danışdı: “O kişinin adı onlara haram olsun” - VİDEO

"Bir qohumum dünən mənə zəng edib ki, əmim ağır xəstədir, müayinə ediblər, deyiblər, öd kisəsi fəaliyyət göstərmir. Xəstəni M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətiriblər. O kişinin adı onlara haram olsun. Xəstəni qəbul ediblər, tanışlıqla gətiriblər… Guya hansısa müayinə, əməliyyat öncəsi tədbir görəcəklər ki, xəstəni əməliyyata hazırlasınlar. Bu zaman xəstə ağırlaşıb və reanimasiyaya yerləşdiriblər. Görüblər ki, vəziyyətdən çıxara bilməyiblər, xəstənin yaxınlarına zəng ediblər ki, xəstənizi götürün, çox ağırdır, dializ lazımdır, aparın dializ edin. Xəstə bilmir ki, hara getsin, necə etsin...”

 

Pravda.az xəbər verir ki, bu sözləri məşhur radioloq Aydın Əliyev deyib.

 

O, bu addıma görə xəstəxananın həkimlərini tənqid edib: “Bura xəstəxanadır, necə yəni xəstəni götürün? Reanimasion xəstəni necə yaxınına verə bilərsən? Tədbir görməlisən, Səhiyyə Nazirliyi, TƏBİB-lə əlaqə  saxlamalısan. Xəstəni harada bu vəziyyətdən çıxarmaq olarsa, ora köçürməlisən, mütəxəssis dəvət etməlisən, xəstəyə baxılmalı, qərar verilməli, xəstə vəziyyətdən çıxarılmalıdır. Bunların heç biri edilmir. Çarəsiz durumda xəstə yaxınları mənə zəng etdilər, dəhşətə gəldim, necə yəni belə bir şey ola bilər? Böyük bir xəstəxanada xəstəyə yardım edilmir, yaxınına deyilir ki, gəlin xəstənizi çıxarın... Bu nə deməkdir, bu nə absurddur? Başa saldım ki, haqqınızı tələb edin. Bundan sonra xəstə yaxınları etirazlarını bildiriblər, müvafiq qurumlara zəng ediblər. Hətta zəng etdikləri qurumdan belə məsul şəxs bildirib ki, necə yəni xəstəni çıxarın? O, belə təəccüblənib. Bundan sonra yenə də yardım etməyiblər, xəstə tanışlarının hesabına portativ dializ aparatı gətirib dializ ediblər. Daha sonra xəstənin vəziyyəti bir az yüngülləşib. Çox dəhşətli haldır. Xəstə yaxını tibb adamı deyil, onun məlumatı yoxdur. “Gəlin xəstənizi götürün” o deməkdir ki, pasiyent xəstəxanada ölməsin, getsin evdə ölsün, bizə problem olmasın. Axırımız hara gedir? Bilmirik...”

 

Aytəkin Qardaşova

 

Tarix: 6 Aprel 2026, 13:13   
Избранный
9
pravda.az

1Источники