RU

Mina qurbanlarının görünməyən yaraları: psixoloji travma və cəmiyyətə dönüş

Mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı psixoloji fəsadlar cəmiyyət üçün ciddi və uzunmüddətli problem olaraq qalır. Mina partlayışları yalnız fiziki xəsarətlərlə məhdudlaşmır. Mina torpağın altında illərlə gizli qala bildiyi kimi, onun yaratdığı psixoloji travma da insanın daxilində uzun müddət yaşayır. Bu travma görünməsə də, insanın həyatını, davranışlarını və gələcəyə baxışını kökündən dəyişir.

QHT.az xəbər verir ki, “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin sədri Xəlil Süleymanov açıqlamasında mina qurbanlarının arasında ən çox müşahidə olunan halların travma sonrası stress pozuntusu (TSSP), davamlı qorxu, ümidsizlik, sosial təcrid, insanlardan uzaqlaşma, yuxu pozuntuları və depressiya olduğunu qeyd edir.

"Xüsusilə uşaqlar bu travmanı daha ağır keçirir. Onlar baş verən hadisəni tam anlamasalar da, yaranan qorxu və təhlükə hissi onların psixoloji inkişafına ciddi təsir edir. Çox vaxt mina qurbanları yalnız fiziki zədə ilə qiymətləndirilir. Halbuki ən ağır zərbə insanın psixoloji vəziyyətinə dəyir. Vaxtında müdaxilə olunmadıqda bu travma insanın bütün həyatını müşayiət edir. Psixoloji travma yalnız fərdi problem deyil, eyni zamanda ailə və cəmiyyətə də təsir göstərir. Bu zaman ailədaxili münasibətlər zəifləyir, uşaqlarda davranış problemləri artır, sosial aktivlik azalır və cəmiyyətə inteqrasiya çətinləşir. Beləliklə, bir mina partlayışı təkcə bir insanı deyil, bütöv bir ailəni və cəmiyyətin bir hissəsini zədələyir. Bu səbəbdən yanaşma fərdi deyil, kompleks və sistemli olmalıdır".

Şəfa Psixoloji-Sosial Yardım İctimai Birliyi-nin mövqeyinə görə, mina qurbanlarına psixoloji xidmətlərin göstərilməsi artıq humanitar dəstək deyil, sosial zərurətdir.

Xəlil Süleymanov bildirir ki,əgər bu insanlara yalnız tibbi yardım göstərilib psixoloji dəstək unudularsa, onların tam sağalmasından danışmaq mümkün deyil. Psixoloji reabilitasiya olmadan reinteqrasiya baş vermir. Problemin effektiv həlli psixososial reabilitasiya və reinteqrasiya tədbirlərindən keçir.

Onun fikrinə görə,minaların təmizlənməsi torpağı təhlükəsiz edə bilər, lakin insanların psixoloji sağlamlığının bərpası üçün davamlı dəstəyə ehtiyac var. Məqsəd yalnız həyatı xilas etmək deyil, həm də bu həyatın keyfiyyətini bərpa etməkdir.

Zəhra Ağayeva 

Избранный
6
qht.az

1Источники