RU

Qarsda keçiriləcək “Heydər Əliyev-2026” təlimi Azərbaycan-Türkiyə hərbi birliyini daha da gücləndirəcək – Aqil Camal

Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” birgə hərbi təliminə hazırlıq məqsədilə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun taqımı qardaş ölkəyə yola düşüb.

Məsələ ilə bağlı QHT.az-a açıqlama verən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin və Turkustan.az saytının baş redaktoru Aqil Camal bildirib ki, təlimlərin əsas məqsədi müasir döyüş prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin şəxsi heyətin bilik və bacarıqlarının artırılmasıdır.

A.Camalın sözlərinə görə, dünyada və regionda müşahidə olunan hərbi qarşıdurmalar fonunda Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, iki qardaş ölkə arasında bu cür hərbi təlimlər il ərzində dəfələrlə keçirilir və bu əməkdaşlıq yalnız təlimlərlə məhdudlaşmır.

Aqil Camal bildirib ki, müdafiə sənayesi istiqamətində də praktiki əməkdaşlıq uğurla davam edir. Onun sözlərinə görə, Türk dövlətlərinin hamısının iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü ilk dəfə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.

Sədr vurğulayıb ki, hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri genişlənir, nazirlər və aidiyyəti dövlət qurumlarının rəhbərləri səviyyəsində mütəmadi görüşlər keçirilir.

A.Camal qeyd edib ki, bu inteqrasiyanın hərbi və müdafiə sahəsini də əhatə etməsi həm böyük rəmzi məna daşıyır, həm də müasir dövrün reallıqlarına tam uyğundur.

“Bu gün kollektiv müdafiə arxitekturasının yaradılması hər zamankından daha çox vacibdir” – deyə Aqil Camal bildirib.

Sədr əlavə edib ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri hər hansı üçüncü tərəfə qarşı yönəlməyib. Bununla yanaşı, o, iki ölkənin bölgədə və dünyada vahid güc kimi çıxış etdiyini xüsusi vurğulayıb.

“Azərbaycanla Türkiyənin bu birgəliyi Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib və rəsmiyyət qazanıb. Türkiyədə keçirilən təlimlər gücümüzü daha da artıracaq” – deyə A.Camal fikrini yekunlaşdırıb.

Fatimə Nəbiyeva

Избранный
31
qht.az

1Источники