RU

TDT: Yeni geosiyasi güc mərkəzi

Türk Dövlətləri Təşkilatı qlobal aktora çevrilmək yolunda yeni mərhələyə qədəm qoyur. 

Bakıda keçirilən hökumət başçıları və vitse-prezident səviyyəsində görüşdə qəbul edilən birgə bəyanat təşkilatın yalnız regional çərçivədə deyil, beynəlxalq müstəvidə də rolunu gücləndirməyə yönəldiyini göstərir. 

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını hədəfləyən Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə regional platformadan daha geniş geosiyasi təsir imkanlarına malik struktura çevrilmək istiqamətində ciddi addımlar atır. 

Onun sözlərinə görə, xüsusilə son sammitlər, ortaq layihələr, təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin genişlənməsi göstərir ki, TDT artıq yalnız mədəni və regional əməkdaşlıq təşkilatı deyil, qlobal aktor olmağa doğru mərhələli transformasiya yaşayır: 

"TDT-nin ilkin forması olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası daha çox mədəni və siyasi dialoq platforması kimi fəaliyyət göstərirdi. Lakin təşkilatın strukturunun yenilənməsi, institusional gücləndirmə və fəaliyyət istiqamətlərinin genişləndirilməsi onun funksional imkanlarını xeyli artırdı. 

Bu transformasiya bir neçə əsas istiqamətdə özünü göstərir. Bu istiqamətlər ortaq iqtisadi layihələrin həyata keçirilməsini, nəqliyyat və logistika dəhlizlərinin formalaşdırılmasını, təhlükəsizlik və müdafiə sahəsində koordinasiyanın güclənməsini, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsini, vahid siyasi mövqelərin formalaşdırılmasını əhatə edir. 

Bu amillər TDT-ni klassik regional birlikdən daha geniş geosiyasi platformaya çevirir". Deputat əlavə edib ki, TDT-nin qlobal aktora çevrilməsi istiqamətində ən mühüm amillərdən biri iqtisadi və nəqliyyat layihələridir: 

"Xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avropa ilə Asiyanı birləşdirən alternativ logistika xətti kimi strateji əhəmiyyət daşıyır. Bu layihə, Avropa–Asiya ticarətinin sürətlənməsinə, enerji və logistika təhlükəsizliyinin güclənməsinə, Türk dövlətlərinin qlobal ticarət zəncirində rolunun artmasına, geoiqtisadi təsirin genişlənməsinə xidmət edir. 

Beləliklə, TDT yalnız regional inteqrasiya deyil, qlobal ticarət və enerji xəritəsində mühüm mövqe qazanmağa başlayır". Jalə Əliyeva vurğulayıb ki, son illərdə TDT ölkələrinin beynəlxalq məsələlərdə daha koordinasiyalı mövqe nümayiş etdirməsi təşkilatın qlobal aktor kimi formalaşmasına mühüm təsir göstərir: 

"Burada beynəlxalq təşkilatlarda ortaq mövqelərin müdafiəsi, regional təhlükəsizlik məsələlərində koordinasiya, humanitar və diplomatik təşəbbüslərin artması, müşahidəçi və tərəfdaş ölkələrin sayının genişlənməsi kimi bir neçə əsas məqam diqqəti cəlb edir. Bu faktorlar TDT-ni beynəlxalq siyasətdə daha görünən və təsirli platformaya çevirir. 

Qlobal aktor statusuna yüksəlmək üçün təşkilatın təhlükəsizlik sahəsində koordinasiyası da vacibdir. Türk dövlətləri arasında hərbi əməkdaşlıq, müdafiə sənayesi əlaqələri, təhlükəsizlik dialoqu, regional sabitliyin qorunması kimi istiqamətlərdə artan fəaliyyət TDT-ni geosiyasi güc mərkəzi kimi formalaşdırır. 

Bu amil xüsusilə Avrasiya məkanında yeni güc balansının yaranmasına səbəb olur". O bildirib ki, TDT-nin inkişafında Azərbaycan mühüm təşəbbüskar dövlətlərdən biri kimi çıxış edir: 

"Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Türk dünyası bizim ailəmizdir” konsepsiyası təşkilatın ideoloji və siyasi xəttinin formalaşmasında mühüm rol oynayır. 

Azərbaycan tərəfindən Türk dünyasının birliyinin təşviqi, Orta Dəhlizin inkişafı, iqtisadi və siyasi inteqrasiya istiqamətində irəli sürülən təşəbbüslər, humanitar və mədəni layihələr TDT-nin qlobal aktora çevrilməsi prosesində mühüm siyasi iradə formalaşdırır". 

Jalə Əliyeva qeyd edib ki, analitik baxımdan qiymətləndirdikdə, Türk Dövlətləri Təşkilatı artıq klassik regional birlik mərhələsini arxada qoyaraq qlobal aktora çevrilmə prosesinə daxil olub: 

"TDT-nin iqtisadi layihələri, nəqliyyat dəhlizləri, siyasi koordinasiyası, təhlükəsizlik əməkdaşlığı və beynəlxalq nüfuzunun artması bu transformasiyanın real olduğunu göstərir. 

Bu gün TDT qlobal aktora çevrilmək mərhələsinə artıq qədəm qoymuş geosiyasi platforma kimi qiymətləndirilməlidir. İnteqrasiyanın dərinləşməsi, ortaq iqtisadi və təhlükəsizlik mexanizmlərinin güclənməsi, həmçinin Türk dünyasının vahid siyasi iradəsinin formalaşması yaxın illərdə TDT-ni Avrasiya məkanında mühüm qlobal aktorlardan birinə çevirə bilər". 

Избранный
30
1
cebheinfo.az

2Источники