RU

Azərbaycan və Gürcüstan regionda sabitliyin qorunmasında maraqlıdır



“Gürcüstanla Azərbaycan arasında münasibətlər dərin tarixi köklərə malikdir. Gürcüstan təkcə Azərbaycanın yaxın qonşusu deyil, eyni zamanda bir çox layihələrdə müştərək şəkildə iştirakçısıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında həllini tapmayan heç bir məsələ yoxdur və ikitərəfli münasibətlər getdikcə daha dərin və çoxşaxəli xarakter alır. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün baş tutan dövlət səfəri Bakı ilə Tbilisi arasında əlaqələrin daha da inkişafına öz təsirini göstərəcək”.

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı prezident İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərkən səsləndirib. O bildirib ki, bu səfər eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirir:

“Yüksək səviyyəli görüşlər qarşılıqlı etimadı artırır və regional məsələlərdə koordinasiyanı gücləndirir. Məlum olduğu kimi Gürcüstanla Azərbaycanı daha çox enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr birləşdirir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi regional və eyni zamanda qlobal layihələr ölkələr arasında əlaqələri strateji tərəfdaş səviyyəsinə gətirib çıxarıb”.

Arzuman Muradlı onu da deyib ki, Azərbaycan Gürcüstan üçün əsas enerji tərəfdaşlarından biridir. Ona görə də səfər çərçivəsində enerji layihələri, xüsusilə qaz və neft tranziti üzrə əməkdaşlığın genişlənməsi, yeni layihələrin müzakirəsi və mövcud infrastrukturların inkişafı gündəmdə ola bilər:

“Bundan başqa günümüzdə bir sıra regional münaqişələr, İran ətrafında baş verənlər fonunda Hörmüz boğazında yükdaşımalar üçün artan risklər bizim regionda mövcud olan nəqliyyat və loqistika imkanlarının aktuallığını artırıb. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xətti xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, bir müddət əvvəl Bakıda müxtəlif səviyyədə keçirilən görüşlərdə, ən son TDT-nin hökumət başçılarının Bakı forumunda Bakı-Tbilisi-Qars xəttinin imkanlarının artırılması mümkünlüyü ətrafında fikir mübadiləsi aparıldı. Bu baxımdan hesab edirəm ki, Cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı sözügedən məsələ əsas müzakirə mövzularından biri ola bilər”.

Arzuman Muradlı onu da deyib ki, Azərbaycan və Gürcüstan regionda sabitliyin qorunmasında maraqlıdır:
“Ona görə də səfər çərçivəsində təhlükəsizlik məsələləri, regional əməkdaşlıq və beynəlxalq layihələr üzrə mövqelərin uzlaşdırılmasına xüsusi diqqət yetiriləcək”.

Süleyman
Избранный
18
1
newscenter.az

2Источники