RU

Dağıstanı sel yuyub aparır: Dərbənddə genişmiqyaslı təxliyə başladı - VİDEO

Dağıstanın Dərbənd rayonunda subasma zonasında qalan bütün sakinlər təxliyə edilib.

Musavat.com xəbər verir ki, bu barədə rayon rəhbəri Elman Allahverdiyev məlumat verib.

Rayon rəhbəri öz "Telegram" kanalında bildirib ki, təhlükəli zonada olan bütün vətəndaşlar çıxarılıb və onlara lazımi köməklik göstərilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan üzrə idarəsindən verilən məlumata görə, Qecux su anbarının daşması nəticəsində Məmmədqala qəsəbəsinin bir neçə yaşayış məntəqəsini (Zareçnaya, Mixaylovka, Duzlaq, Sulepa Ursun, Planı) su basma təhlükəsi yaranıb.

Bu səbəbdən 823-ü uşaq olmaqla, ümumilikdə 4165 nəfərin təhlükəsiz zonaya köçürülməsi planlaşdırılıb.

Sakinlərin məlumatlandırılması üçün səsgücləndiricilərlə təchiz edilmiş avtomobillərdən istifadə olunur. Təxliyə edilənlər Məmmədqala qəsəbəsi və Çinar kəndində yaradılmış dörd müvəqqəti yerləşdirmə məntəqəsinə və qohumlarının evlərinə göndərilib.

Təhlükəyə səbəb Kaytaqdan gələn çayın daşaraq Qecux bəndini aşması və qoruyucu qurğunun dağılması olub. Nəticədə su kütləsi birbaşa yaşayış məntəqələrinə yönəlib. Kaytaq rayonunun Kirki kəndində baş verən torpaq sürüşməsi nəticəsində bir ev tamamilə dağılıb, iki evə ciddi ziyan dəyib. FHN-in məlumatına görə, dağıntılar altından bir nəfərin meyiti tapılıb.

Dağıstan rəhbəri Sergey Məlikov respublikanın bütün şəhər və rayonlarında operativ xidmətlərin gücləndirilmiş iş rejimində çalışdığını bildirib. Onun sözlərinə görə, ən kritik vəziyyət Dərbənd rayonu ilə yanaşı, Mahaçqala, "Solneçnıy bereq" düşərgəsi ətrafı və Xasavyurt rayonunda müşahidə olunur.

Aprelin 5-də Dərbənddə sel suları federal magistral yola çıxıb, palçıq kütləsi şəhər istiqamətində hərəkət edir. Çaroda rayonunda isə daş uçqunu səbəbindən Qunib-Suri yolunun bağlanması nəticəsində 53 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Daşqın zonalarında Hepatit A əleyhinə vaksinasiya işlərinə başlanılıb. Aprelin 6-dək respublikada güclü yağış və küləklə bağlı fövqəladə xəbərdarlıq qüvvədədir.

Musavat.com

Избранный
32
1
musavat.com

2Источники