RU

Əraqçi pakistanlı həmkarı ilə telefon danışığının detallarını açıqlayıb

İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə baş tutan telefon danışığında müzakirə olunan məsələləri açıqlayıb.

"Report" xəbər verir ki, o bu barədə özünün "Telegram" kanalında yazıb.

Bildirilib ki, şənbə gecəsi telefon danışığı zamanı ən son regional proseslər və ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb.

Pakistanın xarici işlər naziri İrana qarşı hərbi təcavüzün dayandırılması və regionda sülh, sabitliyin bərpası üçün ölkəsinin xoşməramlı diplomatik səylərini izah edib və bu məqsədə çatmaq üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Əraqçi Pakistanın xoşməramlı səylərini təqdir etməklə yanaşı, son 35 gün ərzində ABŞ və İsrailin İranın istehsalat və sənaye infrastrukturlarına, dinc və təminat altındakı nüvə obyektlərinə, xəstəxanalara, məktəblərə, universitetlərə və yaşayış məntəqələrinə hücumları barədə məlumat verib.

"İran bütün imkanlardan istifadə etməklə ölkənin milli suverenliyi və ərazi bütövlüyünü müdafiə edəcək" – Əraqçi bildirib.

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub və tərəflər regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

İshaq Dar Pakistanın gərginliyin azaldılmasına yönəlmiş bütün səylərə dəstəyini bir daha təsdiqləyib və problemin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb:

"Hər iki nazir son hadisələri nəzərə alaraq sıx əlaqə saxlamaq barədə razılığa gəliblər", - Pakistan XİN-in məlumatında qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq, Küveyt və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Избранный
27
3
far.az

4Источники