RU

Azəbaycan səhiyyəsinin NÖVBƏ DƏRDİ – TƏBİB-in daha da xəstə etdiyi insanlar

Sosial şəbəkələrdə yayılan və artıq xroniki hal alan görüntülər sadəcə bir xəstəxana dəhlizinin mənzərəsi deyil, həm də ölkənin səhiyyə idarəçiliyinin, xüsusilə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Abşeron sınağındakı uğursuzluğunun acınacaqlı portretidir. Abşeron Tibb Mərkəzi bu gün şəfa ocağından çox, insan iradəsini və fiziki dözümünü sınağa çəkən nəhəng bir “quyruq” laboratoriyasına bənzəyir.

Səhərin alaqaranlığından başlayan bu marafon, əslində müasir səhiyyə sistemimizin rəqəmsallaşma və “vətəndaş məmnuniyyəti” şüarlarının arxasındakı acı həqiqəti çılpaqlığı ilə ortaya qoyur. Görüntülərdəki mənzərə ürəkağrıdıcıdır: qucağında körpəsi ilə divara söykənib saatlarla gözləyən ana, ayaq üstə durmağa taqəti olmayan yaşlı baba və sadəcə bir “sağlamlıq kağızı” üçün işindən-gücündən qalan vətəndaş. Əgər bir insan saat 12-yə qədər qəbula düşə bilmirsə və ona “sabah gələrsən” deyirlərsə, bu, dövlətin vətəndaşına ayırdığı sığorta limitinin deyil, idarəetmənin iflic olduğunun göstəricisidir.

Bu mənzərənin əsas memarları olan TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsuliyyəti bir-birinin üzərinə atmaqla və ya “əhali sayı çoxdur” bəhanəsi ilə yaxalarını kənara çəkə bilməzlər. İcbari tibbi sığorta sistemi tətbiq olunanda vətəndaşa vəd edilən “əlçatan tibb” haradadır?

Vətəndaşın maaşından hər ay tutulan sığorta haqları bu gün xəstəxana dəhlizlərindəki havasızlıq və əsəb gərginliyi üçünmü ödənilir? Agentliyin strateji planlaması o qədər zəifdir ki, Abşeron kimi daxili miqrasiyanın mərkəzi olan, əhalisi rəsmi rəqəmlərdən dəfələrlə çox olan bir rayonda bütün yükün bir xəstəxanaya vurulmasının fəlakətə yol açacağını hesablaya bilməyib. Bu, sadəcə bir xəstəxana problemi deyil, bu, sistemin mərkəzləşmə xəstəliyidir. Nə üçün icbari tibbi sığorta xidmətləri digər dövlət xəstəxanalarına və qəsəbələrdəki poliklinikalara effektiv şəkildə paylanmır? TƏBİB-in tabeliyində olan onlarla tibb müəssisəsi olduğu halda, insanların bir nöqtəyə hücum çəkməsi qurumun resursları düzgün bölüşdürə bilməməsinin nəticəsidir.

TƏBİB-in “modernləşmə” hesabatları ilə bu reallıq arasında uçurum var. Əgər bir xəstəxanada kütləvi növbə yaranırsa, orada idarəetmə mexanizmi yoxdur deməkdir. “Onlayn növbə” sisteminin işləmədiyi və ya vətəndaş üçün əlçatmaz bir labirintə çevrildiyi mühitdə, fiziki növbələrin yaranması qaçılmazdır. Rayonun müxtəlif qəsəbələrindəki poliklinikalar niyə sadəcə “yönləndirici” və ya “möhür vuran” məntəqələrə çevrilib? Əgər onlar əhalinin yükünü azaltmayacaqsa, o zaman bu qədər tibb müəssisəsinin saxlanılmasına nə gərək var? Bu qədər insanı bir binaya sıxışdırıb onlara xidmət göstərdiyini iddia etmək vətəndaşı ələ salmaqdır. Sağlamlıq haqqında adi bir arayış götürmək üçün insanın öz sağlamlığını o növbələrdə itirməsi hansı idarəetmə məntiqinə sığır? Bu, sadəcə təşkilatçılıq qabiliyyətinin olmamasıdır.

Vətəndaş üçün sığorta imtiyaz deyil, bir maneələr zolağına çevrilib. Agentlik sığorta zərfini genişləndirdiyini deyir, amma həmin zərfdən istifadə etmək üçün xəstə insan “psixoloji müharibə” keçməlidir. Bir xəstəxana nə qədər müasir avadanlıqla təchiz olunursa olunsun, əgər xəstə həkimə çatmaq üçün saatlarla ayaq üstə qalırsa, o binanın divarları sadəcə beton yığınıdır. Abşeronun iri qəsəbələrindəki tibb məntəqələri tam funksional hala gətirilməli, icbari sığorta çərçivəsində xidmətlər desentralizasiya edilməlidir.

TƏBİB və Agentlik rəhbərliyi o xəstəxana dəhlizlərindəki səs-küyü, körpə ağlamasını və yaşlıların ah-naləsini eşitməlidir. 12-dən sonra qəbulun dayanması dövlət xidməti anlayışına təhqirdir. Əgər yük çoxdursa, iş rejimi iki növbəli olmalı, kadr potensialı artırılmalıdır. Görünən odur ki, qurumlar problemi kökündən həll etmək əvəzinə, sadəcə “yola vermək” strategiyasını seçiblər. Lakin unudurlar ki, səhiyyə “yola veriləcək” sahə deyil. İnsanların sağlamlıq hüququ növbə kağızlarının və bürokratik səriştəsizliyin arasında boğulmamalıdır. Bu görüntülər bir idarəetmə böhranının vizual sübutudur və bu siqnal TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi üçün “fəaliyyətsizlik” qeydi kimi tarixə düşür.

Əli Səfərli,
NOCOMMENT.az

Избранный
22
50
nocomment.az

10Источники