RU

Azərbaycan İranın çətin günlərində həqiqətən də ən yaxın qonşu kimi, ən səmimi dost ölkə kimi davranır

Azərbaycan humanizm və əsl qonşuluq mövqeyini davam etdirir. Prezident İlham Əliyevin tapşırığına əsasən, aprelin 4-də İran İslam Respublikasına növbəti humanitar yardımın yola salınması da bu mövqeyimizin təsdiqi və təzahürüdür. Məqsəd isə heç şübhəsiz ki, müharibə və humanitar böhran şəraitində olan qonşu İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Xatırladaq ki, Azərbaycan bundan əvvəl də İrana bir neçə dəfə humanitar yardımlar göndərib.

Budəfəki yardım isə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və həmçinin bu telefon danışığından sonra özünün “X” (keçmiş Tvitter) hesabında paylaşım edərək ölkəsinin çətin dövründə göstərilən dəstəyə görə ölkəmizə təşəkkür etməsi fonunda həyata keçirilib. Həmin telefon zəngində Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın bundan sonra da davam edəcəyini və yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini bildirmişdi. Azərbaycan rəhbərliyi verdiyi vədə əməl etdi və bu gün 10 yük avtomobilindən ibarət humanitar yardım karvanı İrana yola salındı. Bu humanitar yardım Azərbaycan xalqının böyük ürəyini və Azərbaycan dövlətinin səmimi qonşuluq siyasətini göstərdi.

Dövlətimizin başçısı sözügedən telefon danışığı zamanı regionda sülhün və əmin-amanlığın ən qısa zamanda bərpa olunacağına dair ümidvar olduğunu vurğulayıb. Məsud Pezeşkian isə “X” hesabındakı paylaşımında Azərbaycan hökumətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyini bildirib və onu da qeyd edib ki, dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır. Öz növbəsində Prezident İlham Əliyev də bu gün “X” hesabındakı paylaşımında bildirib ki, “qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.

Həm Pezeşkianın, həm də İlham Əliyevin toxunduğu bu məqam olduqca önəmli məqamdır. Pezeşkian hiss edir ki, Azərbaycan İranın çətin günlərində həqiqətən də ən yaxın qonşu kimi, ən səmimi dost ölkə kimi davranır. Eyni zamanda, Pezeşkian özü səmimi, humanist və şəfqətli insan olduğu üçün (həkimlik peşəsinin gərəyi olaraq) molla rejimindən və SEPAH-ın radikal rəhbərliyindən fərqli olaraq Azərbaycanın səmimi qonşuluq siyasətini düzgün və qərəzsiz dəyərləndirə bilir. Ümid edək ki, bizim humanitar dəstəyimiz və xoşməramlı qonşuluq siyasətimiz mollaları və SEPAH-ı da ölkəmizə qarşı qərəzli mövqedən çəkinməyə vadar edəcək. Onlar başa düşməlidirlər ki, bütün qonşularla münasibətləri ucdantutma korlamaq olmaz. Azərbaycan kimi yaxşı qonşulara isə hətta təşəkkür etmək lazımdır. Və Məsud Pezeşkian ağıllı və müdrik lider kimi bu zərurəti başa düşür.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Избранный
14
28
ictimairey.az

10Источники