AZ

Həm yaxşı, həm də çətin günlərdə...

Azərbaycan hər zaman yardıma ehtiyac duyan, çətin duruma düşən ölkələrin yanında olub. Bu İranda baş verən son hadisələr fonunda da açıq-aydın görünür.  Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Qeyd edək ki, İran hazırda çətin bir dövrdən keçir. Belə bir vaxtda göstərilən dəstəyin çox böyük əhəmiyyəti var.

Azərbaycan mehriban qonşuluq və humanizm prinsiplərini rəhbər tutaraq, İran İslam Respublikasında baş vermiş son hadisələrdən zərərçəkmiş insanlara dəstək məqsədilə bu ölkəyə aprelin 4-də növbəti humanitar yardım karvanını yola salıb. İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Buna 190 ton ərzaq və qida məhsulları, 7 ton həcmində dərman vasitələri və 3 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.

Xatırladaq ki, bu, 3-cü humanitar yardımıdır ki, Azərbaycandan İrana göndərilir. Belə ki, martın 10-da və martın 18-də Azərbaycandan İrana humanitar yardımlar göndərilib. Onu da bildirək ki, ölkəmiz İrana ilk olaraq humanitar yardım yola salıb. Bütün bunlara görə İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib. Hətta M. Pezeşkian aprelin 3-də “X” sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. Şübhəsiz, bunu həm də Azərbaycanın regionda oynadığı konstruktiv rolun Tehran tərəfindən rəsmi etirafı kimi də dəyərləndirmək olar. Buna münasibət bildirən Prezident İlham Əliyev “X” sosial media hesabında paylaşımında bildirib: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.
Şübhəsiz, bu humanitar təşəbbüslər Azərbaycan-İran əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına geniş imkanlar açır. Bu həm də ölkəmizin mehriban və qarşılıqlı hörmətə əsaslanan siyasətini, ölkəmizin sülhə və əmin-amanlığa sadiqliyini bir daha təsdiqləyir.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göndərib və bu yardım hazırda da davam edir. Bu günədək Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların dəyəri 45 milyon dolları ötüb. Ukrayna Prezidenti V. Zelenski də dəfələrlə Azərbaycana humanitar yardımlara görə təşəkkürünü bildirib.
 Pandemiya dövründə isə Azərbaycan Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bütün bunlar bir daha sübut edir ki, humanitar diplomatiya Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərdən birini təşkil edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
7
15
ikisahil.az

10Mənbələr