Ötən gün baş tutmuş yarımfinal oyununda “Qarabağ”la 2:2 hesablı heç-heçəyə nail olan “Sabah” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.
Arena.az xəbər verir ki, bu, 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk matçına təsadüf edib.
“Qarabağ”la səfər görüşündə hesabı açmış Umarali Rahmonaliyev Bakı klubunun yubiley qolunun müəllifi olub. Paytaxt təmsilçisi ölkə kubokunda keçirdiyi 27-ci matçında 2:2 hesablı heç-heçə ilə qollarının sayını 51-ə yüksəldib.
“Sabah”ın orta məhsuldarlığı 1,89-a bərabərdir. Paytaxt təmsilçisi evdə 19, səfərdə 29, neytral meydanda 3 dəfə fərqlənib. Bununla da ölkə kuboku tarixində 50 və ya daha çox qol vurmuş komandaların sayı 21-ə çatıb.
Kubokda 2017/2018-ci illər mövsümündə debüt etmiş “bayquşlar” ilk qolunu növbəti ildə vurub. Masazır təmsilçisi 2018/2019-cu illər mövsümünün 1/8 finalında “Ağsu”ya 3:0 hesabı ilə qalib gəlib. Komandanın kubokdakı ilk qolunu 2018-ci il dekabrın 6-da keçirilən görüşün 6-cı dəqiqəsində Bəxtiyar Soltanov vurub.
