RU

SOS: Dünya BÖYÜK ACLIĞA doğru gedir

Dünya böyük bir ərzaq böhranına doğru gedir. Musavat.com xəbər verir ki, bunu məşhur maliyyə analitiki Lukas Ekvuame deyib.

Onun sözlərinə görə, qlobal ərzaq istehsalının 50 faizi birbaşa sintetik gübrələrdən asılıdır:

“Şimal yarımkürəsində əkin mövsümü yaxınlaşır və gübrələrin mövcudluğu ciddi şəkildə məhdudlaşmağa başlayıb. Belə ki, Hörmüz boğazındakı vəziyyətə görə gübrə tədarükünün 30 faizi kəsilib. Maye qaz tədarükünün 20 faizi dayanıb. Çin gübrə ixracına məhdudiyyətlər tətbiq edərək tədarükün təxminən 30 faizini təhlükə altına alıb. Sintetik gübrələrin əksəriyyəti təbii qazın köməyi ilə istehsalı olunur. Qaz yoxdursa, gübrə yoxdur. Gübrə yoxdursa, məhsul yoxdur. Məhsul yoxdursa, qida yoxdur”.

Qeyd edək ki, İran münaqişəsinin qlobal ərzaq bazarına mənfi təsiri barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı da xəbərdarlıqla çıxış edib. Proqramın açıqlamasına görə, İranla bağlı münaqişə qlobal ərzaq vəziyyətini kəskin şəkildə pisləşdirə və ac insanların sayını rekord səviyyəyə çatdıra bilər. Aclıqla mübarizə aparan dünyanın ən böyük humanitar təşkilatı hesablayır ki, eskalasiya ilin ortalarına qədər başa çatmasa, 45 milyona qədər insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Qeyri-sabit qida təchizatından əziyyət çəkən insanların ümumi sayı 363 milyona çatacaq.

BMT Hörmüz boğazından keçən gəmiçilikdə fasilələri, eləcə də Qırmızı dənizdə gəmiçilik üçün artan təhdidləri əsas risk faktorları kimi göstərir. İranla müharibə yanacaq və gübrə qiymətlərini, beləliklə də Yaxın Şərqdən kənarda ərzaq bazarlarına təzyiqi artırır. Fars körfəzindəki logistika pozuntuları martın ortalarından etibarən əsas malların qiymətlərinin artdığı Sudan və Somali də daxil olmaqla, ən həssas ölkələrə təsir göstərir. Ərzaq və yanacaq idxalından çox asılı olan Afrika ölkələri böhrana xüsusilə həssasdırlar. Ümumdünya Ərzaq Proqramının proqnozlarına görə, bu bölgələrdə qida təhlükəsizliyi ilə üzləşən insanların sayı 20 faiz arta bilər.

“Financial Times” (FT) qəzetinin məlumatına görə, İran münaqişəsinin nəticələri gübrə təchizatında fasilələr və enerji qiymətlərinin artması səbəbindən ən böyük ərzaq böhranlarından biri təhlükəsini yaradır. İnkişaf etməkdə olan ölkələr, eləcə də Hindistan, Banqladeş və ABŞ-ın əsas kənd təsərrüfatı bölgələri xüsusilə həssasdır, çünki fermerlər qaz, yanacaq və gübrə çatışmazlığı ilə üzləşirlər. Fasilələrə Qətər, Əlcəzair və Avropada gübrə istehsalının dayandırılması, eləcə də Hörmüz boğazından keçən daşınmaların tıxanması səbəb olur. Enerji qiymətlərinin artması qidanın daşınması, emalı və saxlanması xərclərini artırır. Qəzetin yazdığına görə, hətta qısamüddətli münaqişə belə ABŞ-də qida inflyasiyasını 2 faizdən 4 faizə çatdıra, əgər davam edərsə, ikirəqəmli səviyyələri keçə bilər.

Bu arada, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) mart ayı üzrə qlobal ərzaq qiymətləri indeksindəki dəyişiklikləri açıqlayıb. Təşkilatın məlumatına görə, Qlobal Ərzaq Qiymətləri İndeksi mart ayında orta hesabla 128,5 bənd təşkil edib ki, bu da yenidən işlənmiş fevral səviyyəsindən 3 bənd (2,4 faiz) yüksəkdir. Bu, artımların ardıcıl ikinci ayıdır və bütün əsas əmtəə qruplarını əhatə edir: taxıl, ət, süd məhsulları, bitki yağları və şəkər.

Artımın əsas səbəblərindən biri Yaxın Şərq münaqişəsinin kəskinləşməsi fonunda enerji qiymətlərinin artması olub. Artan neft qiymətləri kənd təsərrüfatı bazarlarına multiplikator təsir göstərir, nəqliyyat, gübrə istehsalı və bioyanacaq istehsalı xərclərini artırır və nəticədə kənd təsərrüfatı xammalı və qida məhsullarının qiymətinə təsir göstərir.

İllik müqayisədə Qlobal Ərzaq Qiymətləri İndeksi 2025-ci ilin mart ayı səviyyəsindən cəmi 1 faiz yüksək, lakin bazarların qlobal logistika və enerji şoklarının təsirini yaşadığı 2022-ci ilin mart ayında qeydə alınan pik həddən 19,8 faiz aşağı olub.

Konkret məhsul qruplarına gəlincə, taxıl bazarında FAO Qiymət İndeksi fevral ayı ilə müqayisədə 1,5 faiz artaraq 110,4 bəndə çatıb. Əsas amil buğda olub: ABŞ-da məhsul proqnozlarının pisləşməsi və Avstraliyada əkin sahələrinin mümkün azalması səbəbindən qlobal qiymətlər 4,3 faiz artıb. Eyni zamanda, bazar enerji amilləri ilə əlaqəli gübrə qiymətlərinin artması ilə dəstəklənir. Bununla yanaşı, Avropada əlverişli hava şəraiti və ixracatçılar arasında gərgin rəqabət taxıl qiymətlərinin artımını qismən cilovlayır. Digər taxıllardan fərqli olaraq, düyü qiymətləri aşağı düşüb: yeni məhsulun gəlməsi və idxal tələbatının zəifləməsi səbəbindən onun qiymət indeksi 3 faiz azalıb.

Martda bitki yağı sektoru ən əhəmiyyətli artımı nümayiş etdirib. Müvafiq indeks bir ayda 5,1 faiz artaraq 183,1 bəndə çatıb. Əsas amil palma yağı qiymətlərinin kəskin artması olub və bu, 2022-ci ilin ortalarından bəri ən yüksək həddə çatıb. Qiymətlərin artması neft qiymətlərinin və bioyanacaqlara tələbatın yüksəlməsi gözləntiləri, eləcə də Malayziyada istehsal proqnozlarının azalması ilə sıx bağlıdır. Qara dəniz bölgəsindən günəbaxan yağı tədarükünün azalması və yanacaq xammalına tələbatın artması bazara əlavə təzyiq göstərir.

Ət qiymətləri də ötən ay artmağa davam edib və FAO indeksi 127,7 bala yüksəlib. Ət qiymətlərindəki bu artımın əsas hərəkətverici amili donuz ətidir. Onun qiymətləri əsasən mövsümi tələbatın artacağı gözlənilən Avropa Birliyində artıb. Mal əti qiymətləri Braziliyada mal-qara sürüsünün azalması ilə dəstəklənib. Eyni zamanda, Yaxın Şərq və Qırmızı dəniz marşrutundakı vəziyyətlə bağlı logistik çətinliklər region ölkələrinə quş əti tədarükünə, bu da qlobal ticarətə də təsir göstərir.

FAO-nun məlumatına görə, uzun müddət davam edən azalmadan sonra süd bazarı bərpa olunmağa başlayıb. Mart ayında FAO Qiymət İndeksi 120,9 bəndə çatıb ki, bu da fevral ayı ilə müqayisədə 1,2 faiz yüksəkdir. Artım güclü idxal tələbi və Okeaniyada mövsümi tədarükün azalması fonunda süd tozu və kərə yağı üçün kotirovkalarla əlaqədardır.

Şəkər qiymətləri ən kəskin aylıq sıçrayışı nümayiş etdirir: onun indeksi 7,2 faiz artaraq 92,4 bəndə çatıb. Artan neft qiymətləri də əsas amil olub. Yüksək enerji qiymətləri dünyanın ən böyük şəkər ixracatçısı olan Braziliyanın daha çox şəkər qamışını etanol istehsalına yönəldəcəyi və süfrə şəkəri tədarükünü azaldacağı gözləntilərini gücləndirir. Əlavə bir amil Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin beynəlxalq ticarət və logistikanı çətinləşdirə biləcəyi ilə bağlı narahatlıqdır.

Beləliklə, artıq qlobal ərzaq bazarı İran münaqişəsinin mənfi təsirlərini hiss etməyə başlayıb. Bu təsirin getdikcə artacağı gözlənilir: münaqişə maya qədər bitməzsə, yaxud Yaxın Şərqin enerji ixracı imkanlarına daha böyük zərərlə nəticələnərsə, onun bütün dünyada pandemiyadan sonra müşahidə olunan yüksək inflyasiyaya gətirib çıxarması ehtimalı yüksəkdir.

Ərzaq bazarı böyük ölçüdə idxaldan asılı olan Azərbaycan üçün bu perspektiv inflyasiyanın daha da sürətlənməsi demək olacaq. Bu isə neft və neft məhsullarının bahalaşmasından əldə olunan pulların aztəminatlı qrupların dəstəklənməsinə yönəldilməsi məcburiyyəti yarada bilər.
 

Избранный
5
3
hit.az

4Источники