RU

Kremldə ŞOK: Paşinyanın səfərindən sonra…

Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfəri və Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşün pərdəarxası məqamları beynəlxalq analitiklər tərəfindən geniş müzakirə olunur. Görüş zamanı tərəflər arasında müşahidə olunan bədən dili və ritorika, İrəvanın Moskvadan asılılıq zəncirini qırmaq cəhdlərinin ən bariz nümunəsi kimi qiymətləndirilir. Xüsusilə, Ermənistan tərəfinin bərabərhüquqlu tərəfdaşlıq tələbi və Moskvanın ənənəvi təsir rıçaqlarına qarşı nümayiş etdirdiyi soyuqqanlılıq regionun geosiyasi mənzərəsinin köklü şəkildə dəyişdiyini xəbər verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, bu görüş Ermənistan-Rusiya münasibətlərində yeni bir eranın başlanğıcıdır: “Paşinyanın Kremldəki davranışı mahiyyətcə 1996-cı ildə çeçen lider Yandarbiyevin prezident Yeltsinlə görüşdəki rəftarını xatırlatdı. Futbol dili ilə ifadə etsək, Putin Paşinyanın qapısına qol vurmağa çalışarkən avtoqola imza atmış oldu. Paşinyan Putinin həmləsi qarşısında psixi müvazinətini qoruyaraq cəsarətli cavabları ilə qarşılıqlı əlaqələrdə patron-kliyent münasibətləri dövrünün artıq bitdiyini dünyaya nümayiş etdirdi”.

Şahin Cəfərli

Onun sözlərinə görə, bu diplomatik qarşıdurma Paşinyanın uzun müddətdir yürütdüyü riskli, lakin ardıcıl siyasətinin məntiqi nəticəsidir: “Baş tutan dialoqu Ermənistan hökumət başçısının Rusiya ilə ikitərəfli münasibətləri bərabərhüquqlu zəminə oturtmaq istiqamətində apardığı çətin və ehtiyatlı siyasətin finalı kimi qiymətləndirmək olar. Paşinyan artıq Moskvanın iradəsini qeyd-şərtsiz qəbul edən ‘vassal’ rolundan çıxış etmədiyini həm rəqibinə, həm də beynəlxalq birliyə göstərdi. Bu, Cənubi Qafqazda Rusiyanın mütləq hegemonluğuna vurulmuş ciddi bir zərbədir”.

Politoloq vurğulayıb ki, bu cəsarətli gedişin ardınca Moskvanın cavab reaksiyası özünü çox gözlətməyəcək: “Bundan sonrakı mərhələdə, əgər Paşinyan seçkini udarsa, Rusiyanın Ermənistana qarşı kəskin təzyiq siyasətinə keçəcəyini gözləmək olar. Səfərdən saatlar sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun verdiyi bəyanatlar və Türkmənçay müqaviləsinə istinad etməsi əslində bu təzyiq və cəzalandırma siyasətinin rəsmi anonsudur. Moskva öz təsir zonasını itirməmək üçün iqtisadi, enerji və hərbi kartlardan maksimum dərəcədə istifadə etməyə hazırlaşır”.

Aygün

Избранный
30
50
nocomment.az

10Источники