RU

Ömür yolundakı izlər Aydın Tağıyev yazır

ain.az, 525.az saytına istinadən bildirir.

Aydın TAĞIYEVAYB Şabran bölməsinin rəhbəri

...Onda ötən əsrin 80-ci illərinin axırları idi. O vaxt mən Siyəzənin də tərkibində olduğu Şabran (keçmiş Dəvəçi) rayonunda çıxan yerli qəzetin əməkdaşı idim. Redaksiyadan rayonun tanınmış, qabaqcıl cavan bir müəllimi haqqında yazı hazırlamaq tapşırılmışdı. Rayon maarif şöbəsində Siyəzən şəhər 3 saylı orta məktəbin müəllimi Füzuli Hacıyevin adını çəkdilər. Füzuli müəllimlə tanışlığımız beləcə başlandı.

Söhbətimiz alınmış, Füzuli müəllim söhbətinə uzaqdan başlamışdı. Demə, Füzuli müəllimin ata yurdu qədim və şöhrətli tarixə malik Şıxlar kəndi imiş. Ağlı kəsəndən bu kənd haqqında eşitdikləri onun qəlbində doğma yurdla qürur hissi ilə yanaşı onun tarixini, keçmişini daha dərindən öyrənib bilmək, tarixçi olmaq həvəsi, arzusu yaradıb. Beləcə, Siyəzən şəhərində 1973-cü ildə 2 saylı orta məktəbi yüksək qiymətlərlə bitirən Füzuli Hacıyev sənədlərini indiki Pedaqoji Universitetin tarix fakültəsinə verib.

Rayondan gələn abituriyentin ixtisas fənnindən cavabları qəbul komissiyasını tam razı salsa da, ona "4" qiymət yazmaq istəyirlər, o isə mən "5" almaq istəyirəm" deyib qətiyyət göstərir. Neçə-neçə əlavə suallara da ətraflı cavablar verir.

Birdən eşikdə nəsə bir uğultu, canlanma yaranır. Koridordakı növbətçi imtahan otağına girib həyəcanla xəbər verir ki, respublikanın rəhbəri Heydər Əliyev qəbul imtahanlarının gedişi ilə maraqlandığından ali məktəbə gəlib. O zaman Azərbaycan KP MK-nın birinci katibi olan, Ulu öndərimiz Heydər Əliyevin dillərdə gəzən məşhur "Qoy ədalət zəfər çalsın!" devizi respublikada mənəvi mühitin saflaşmasında, şəffaflığın güclənməsində bütün sahələrdə olduğu kimi, ali məktəblərə qəbul imtahanları zamanı mühüm rol oynamışdı. Qəbul komissiyasının üzvləri bu xəbəri eşidəndən sonra ehtiyatlanaraq abituriyentin haqq etdiyi "5"i  yazaraq, hələ bir təbrik də edirlər.

Yaşının 70-ində də o günü eyni həyəcanla xatırlayan Füzuli müəllim minnətdarlıqla: "Bax, hələ o vaxt Ulu öndərin həyatımda böyük əhəmiyyətə malik misilsiz rolundan faydalanıb bəhrələnmiş oldum" - deyir.

1977-ci ildə institutu yüksək qiymətlərlə bitirib keçmiş Dəvəçi (indiki Şabran) rayonuna təyinat almış Füzuli Hacıyev ilk dəfə müəllim kimi Rəhimli kənd orta məktəbində sinif otağına girərkən 21 yaşlı cavan idi!

İnsana öz keçmişini, dünənini tanıtmaqdan, öyrətmək olduqca şərəfli peşədir. Füzuli Hacıyev də keçdiyi hər bir dərsdə çalışırdı ki, şagirdlər öyrəndikləri tarixi faktın məzmununu dərk etsinlər, onun mahiyyətini anlasınlar. Belədə şagird istənilən tarixi hadisədən özü üçün xeyirli, faydalı nəticə çıxara bilər.

"Şagirdlərə öz köklərini daha yaxından tanıtmalıyıq. Bax, onda udduqları hava da onlara bal dadacaq, ayaqlarını torpağa bərk basacaqlar.

Belədə onu qorumağı da, müdafiə etməyi də bacaracaqlar..." - Füzuli müəllimin qənaəti belədir.

Tədrisdə cavan müəllimin əldə etdiyi nailiyyətlər Respublika Maarif Nazirliyində diqqətdən yayınmadı. Füzuli Hacıyev əvvəlcə "Baş müəllim", sonra isə "Metodist-müəllim" adlarına layiq görüldü. Qeyd edək ki, o illərdə pedaqoji kollektivlərdə belə şərəfli ada layiq görülənlərin sayı az idi...

İnsanlığın elə yaşı qədər ulu və əbədi bir duyğu da var: dostluq! Dünya bərqərar olandan bəri minilliklərdən, əsrlərdən bu yana nəsil-nəsil gəlib gedənlərin özlərindən sonrakılara ən böyük əmanəti bir yurdun qorunması olub, bir də torpaq qədər müqəddəs olan dostluq!

Ümummilli lider Heydər Əliyev çıxışlarının birində belə deyirdi: "Dağıstan və Azərbaycan yaxın qonşu, qardaş və dostdurlar. Əsrlərdən bəri xalqlarımız yanaşı, birliklərdə yaşayırlar. Xalqlarımızın tarixi ərzində Dağıstan və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərdə mühüm mərhələlər, unudulmaz dövrlər çox olmuşdur, lakin indiki mərhələ çox mühüm mərhələdir və belə düşünürəm ki, bügünkü və gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir".

Özünə yaxın, doğma, dost hesab etdiyinin səninlə bağlılığının keçmişdən gələn əlaqələrinin tarixini daha yaxından öyrənib biləndəsə aradakı səmimiyyət daha möhkəm, qırılmaz olur. Bu baxımdan şimal qonşumuz Dağıstanla Azərbaycanın qarşılıqlı münasibətlər tarixi xüsusi əhəmiyyət kəsb edir. Füzuli Hacıyev məktəbdə çalışdığı pedaqoji fəaliyyəti dövründə bu mövzuda araşdırmalara başladı. Aspiranturanı qiyabi bitirdi. "XVIII əsrdə və XIX əsrin əvvəllərində Azərbaycan-Dağıstan əlaqələri" mövzusunda elmi işini 2000-ci ildə uğurla müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru adına layiq görüldü.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə 2007-ci ildə onun "XVIII-XIX əsrin birinci otuzilliyində Azərbaycan-Dağıstan münasibətləri" adlı ali məktəblər üçün dərs vəsaiti kimi "Nurlan" nəşriyyatında çapdan çıxan kitabı müəllifin "Azərbaycan və Dağıstan xalqlarının dostluq münasibətlərinin möhkəmlənməsində əvəzsiz xidmətləri olan böyük ictimai-siyasi xadim Əziz Əliyevin xatirəsinə ithaf" qeydi ilə işıq üzü gördü.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasəti milli müstəqilliyin əbədiliyini təmin edəcək şərtlərdən biri olan tarixi keçmişimizin obyektiv tədqiqinin, ondan ibrət götürülməsinin vacibliyini irəli sürür. Ulu öndər XIX-XX əsrlər tarixinin yazılmasını xüsusi vurğulamış, təxirəsalınmaz vəzifə kimi tövsiyə etmişdi.

Füzuli Hacıyevin bu kitabı da Ulu öndərin respublikanın tarixçi alimləri qarşısında qoyduğu aktual vəzifənin yerinə yetirilməsinə cavab verən mühüm tədqiqatların biri kimi dəyərləndirildi.

Orta məktəb müəllimi Füzuli Hacıyevi siyəzənlilər rayon Sovetinə deputatlığını namizəd göstərdilər və o, 1991-ci ildə Şabran (keçmiş Dəvəçi) rayon xalq deputatları sovetinə nümayəndə seçildi. 1992-ci ildə isə Şabran (keçmiş Dəvəçi) Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin edildi.

1992-ci illərin əvvəllərində respublika Ali Sovetinin qərarı ilə Siyəzənin keçmişdəki rayon statusu bərpa edildi. Yeni yaradılmış Siyəzən rayonunun tərkibinə daxil olan seçki dairələrindən seçilmiş deputatların təkidi ilə Füzuli müəllim rayon Xalq Deputatları Sovetinin sədri seçildi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ilin avqustunda isə Siyəzən rayon İH başçısı təyin edildi.

...Məsul dövlət qulluğunda çalışdığı illər Füzuli Hacıyevin ömür yoluna xüsusi yazılmış silinməz izlərdir.

...Onda 1998-ci ilin yayı, iyun ayı idi. Xaçmaz şəhərində Azərbaycan Respublikası Prezidentliyinə namizəd Heydər Əlirza oğlu Əliyevin ölkənin şimal bölgəsində - Xızı, Siyəzən, Şabran (keçmiş Dəvəçi) Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan seçicilərlə görüşü keçiriləcəkdi. Bazar günü olsa da, siyəzənlilər sübh tezdən rayon mərkəzinə axışmış, Prezident kortejinin keçəcəyi mərkəzi yolun hər iki tərəfinə toplaşmışdılar. Əllərində hörmətli qonağa təqdim etmək üçün tər gül-çiçək dəstələri ilə yanaşı, Heydər Əliyevin portretlərini, onunla həmrəyliklərini, dəstəklədiklərini bildirən plakatlar da tutmuşdular.

Nəhayət, karvan dayandı. Gurultulu alqışlar altında Prezident Heydər Əliyev avtomobildən düşüb izdihamla salamlaşdı. Ağsaqqallara, ağbirçəklərə yaxınlaşıb hal-əhval tutdu. Yaşayışları, vəziyyətləri ilə maraqlandı.

Füzuli Hacıyev qürurla: - Onda rayon icra hakimiyyətinin başçısı kimi mən də Ulu öndərlə yanaşı addımlayırdım. Məni sorğu-suala tutub rayon haqqında konkret suallar verirdi. Mən də qısa, lakonik, konkret cavablar...

Birdən belə bir sual verdi: "Burada mən 80-ci illərdə bir quşçuluq broyler fabriki tikdirmişdim. Orada vəziyyət necədir?"

O zaman fabrik keçmiş sovetlər məkanında istehsal gücünə görə o tipli ikinci müəssisə idi.

Mən: - Fabrik fəaliyyət göstərir, - deyə cavab verdim. - Amma...

Heydər Əliyev qayğılandı: - Nə amma?... - Sonra da: - Aydındır, - dedi, - Nazirlər Kabinetinə göstəriş verərəm. Gəlib vəziyyəti yerindəcə öyrənərlər...

Belə də oldu. Prezident seçkilərindən qısa bir müddət sonra Nazirlər Kabinetindən fabrikdəki mövcud vəziyyəti araşdırmaq, lazımi kömək göstərmək məqsədilə mütəxəssislər gəldi. Qısa vaxtda fabrikin istehsal gücü genişləndirildi. Yeni iş yerləri açıldı. Bunlar da təbii ki, ərzaq bolluğu yaratdı.

2002-ci ildə isə Füzuli Hacıyev Lerik rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldı...

O illərdən də yadda qalan xatirələr çoxdur.

2005-ci ilin sentyabr ayında cənub bölgəsinə səfəri zamanı Prezident İlham Əliyev Lənkəran şəhərində geniş bir müşavirə keçirmişdi. Müşavirədə Lerik RİH başçısı Füzuli Hacıyev çıxış etdi. Çıxışının bir yerində vurğuladı ki, rayonun 70 kəndi dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir. Buna görə də əməkhaqqıya əlavə əmsal alırlar. Lakin mövcud qanuna görə hündürlük ölçüsü bəzən nəzərdə tutulan ölçüdən 20 metr aşağı olan kəndlərdə çalışan əhali bu güzəştdən mərhumdur. Bu da kəndlərin boşalmasına səbəb olur.

Cənab Prezident məsələnin araşdırılacağını vəd edir və sonra da 26 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyini stimullaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək" məqsədi ilə Prezident Fərmanı imzalanır.

Füzuli Hacıyevin ömür yolunda sonrakı izlər SOCAR ilə bağlıdır. 2007-2021-ci illərdə Füzuli müəllim bu təşkilatda ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi vəzifəsində çalışıb, təqaüdə elə buradan çıxıb. Bu təşkilatda da fəaliyyəti ilə fərqlənib. Ömür yolundakı izlər də həmişə layiqincə qiymətləndirilib. "Tərəqqi" medalına, fəxri fərman və mükafata layiq görülüb.

Dünyaya gələndən bəri "ömür dedikləri bir karvan yolu"nda inamla addımlayan insanın o izləri sonralar onun ömür yolunun yaddaşında şərəfli səhifələrə çevrilir.

Xoşbəxt o insandır ki, ömür yolundakı o izləri yaşının ahıl çağlarında qürurla xatırlaya bilir.

Yaşadığı ömürdə yayın istisini, payızın yağışını, qışın soyuğunu görən baharı gözlədiyi günlərdə, aprel ayında dünyaya göz açan Füzuli Hacıyev yaşının yetmişini tamamlayır. Həyat isə davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
525.az

1Источники