RU

Siyasi şərhçi: Aprel döyüşləri bizim üçün həm başlanğıc, həm də böyük Qələbənin ilk sınağı idi

Bakı, 3 aprel, AZƏRTAC

2016-cı ilin Aprel döyüşlərini Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına doğru ilk addım, dövlət bayrağımızın həmin ərazilərə qayıdışının başlanğıcı, Qarabağa açılan qapı və Vətən müharibəsinin sınağı adlandırmaq olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə yalnız Talış kəndi istiqamətində yüksəkliklərin və Lələtəpə yüksəkliyinin azad edilməsi, Horadiz və Cocuq Mərcanlının təhlükəsizliyinin təmin olunması ilə məhdudlaşmırdı. Bu qələbə həm də siyasi və mənəvi baxımdan yeni başlanğıc idi.

Siyasi şərhçi qeyd edib ki, Aprel döyüşlərinə qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar faktiki olaraq nəticəsiz və formal xarakter daşıyırdı. ATƏT-in keçmiş Minsk qrupu regiona yalnız formal səfərlər edir, aparılan müzakirələr isə işğala əsaslanan status-kvonun qorunmasına xidmət edirdi. Ermənistan və onun havadarları hesab edirdi ki, Azərbaycan bu reallıqla barışmalı və mövcud vəziyyət dəyişməz qalmalıdır.

“Azərbaycan Aprel döyüşləri ilə beynəlxalq ictimaiyyətə açıq mesaj verdi: Azərbaycan işğalla barışmaq niyyətində deyil və əgər danışıqlar nəticə verməyəcəksə, torpaqlarını hərbi yolla azad etməyə hazırdır. Eyni zamanda, Ermənistanın Birinci Qarabağ müharibəsindən sonra formalaşdırmağa çalışdığı miflər də məhz bu döyüşlərdə alt-üst edildi. Ermənistanda formalaşmış “məğlubedilməz ordu” və “dəyişməz status-kvo” kimi yanaşmalar reallıq qarşısında dağıldı”, - deyə A.Nərimanlı vurğulayıb.

O qeyd edib ki, Aprel döyüşləri təkcə Qarabağ münaqişəsi kontekstində deyil, bütövlükdə regionda yeni reallıqların başlanğıcı oldu. Ən mühüm nəticələrdən biri Azərbaycan cəmiyyətində baş verən psixoloji dönüş idi. Birinci Qarabağ müharibəsində yaşanan məğlubiyyət sindromu aradan qalxdı və torpaqların azad olunmasına inam real şəkildə gücləndi.

Siyasi şərhçinin sözlərinə görə, məhz bu səbəblərdən Aprel döyüşləri Vətən müharibəsinin ilk sınağı kimi qiymətləndirilə bilər. Bu döyüşlərdən cəmi 4 il sonra Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi və bununla da ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Müxbir - Səbinə Əlizadə
Избранный
27
1
azertag.az

2Источники