RU

TDT dünya siyasətində: "Tamhüquqlu qlobal aktor olacaq"

Türk Dövlətləri Təşkilatı qlobal aktora çevrilmək yolunda yeni mərhələyə qədəm qoyur. 

Bakıda keçirilən hökumət başçıları və vitse-prezident səviyyəsində görüşdə qəbul edilən birgə bəyanat təşkilatın yalnız regional çərçivədə deyil, beynəlxalq müstəvidə də rolunu gücləndirməyə yönəldiyini göstərir.

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Türk Dövlətləri Təşkilatı 2021-ci ildən yeni təşkilatlanma mərhələsinə qədəm qoyub. 

O qeyd edib ki, bu proses çərçivəsində təşkilatın həm üzv ölkələr arasında qarşılıqlı münasibətlər kontekstində, həm də regional və beynəlxalq münasibətlər sistemində yeni vəzifələri və rolu formalaşmağa başlayıb:

“Bugünlərdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının toplantısında da təşkilatın yeni tarixi mərhələdə perspektivləri və qarşıda duran vəzifələri müzakirə olunub. 

Azərbaycan Prezidenti təşkilatın gələcəyi ilə bağlı fikirlərini bölüşərək bildirib ki, növbəti mərhələdə Türk Dövlətləri Təşkilatının daha böyük işlər görmək imkanları var və bu potensialın reallaşdırılması mümkündür”. 

Hikmət Babaoğlu vurğulayıb ki, hazırkı qlobal proseslər fonunda Türk Dövlətləri Təşkilatı yeni mərhələyə qədəm qoyur və gələcəkdə qlobal aktorlardan birinə çevrilmək potensialına malikdir:

“Məsələ ondadır ki, bu gün dünyada baş verən dərin strateji hərbi-siyasi proseslər fonunda yeni təhlükəsizlik platformaları yaradılır, yeni ittifaqlar formalaşdırılır. Qlobal nizamda ortaq məqsədlərin və ortaq mənafelərin qorunması üçün təşkilatların yeni mərhələdə, yeni çağırışlara uyğun şəkildə formalaşması prosesi gedir.

Bu baxımdan, indiyədək keçilən mərhələdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr çoxsaylı inteqrasiya tədbirləri həyata keçirib, beynəlxalq münasibətlərdə koordinasiyalı fəaliyyət sahəsində mühüm təcrübə toplayıblar. 

Bu isə növbəti mərhələdə üzv dövlətlərin təhlükəsizliyinin və milli mənafelərinin qorunması, eləcə də beynəlxalq münasibətlər sistemində mövqelərinin və rolunun güclənməsi üçün yeni imkanlar yaradır.

Məhz bu kontekstdə Türk Dövlətləri Təşkilatı gələcəkdə qlobal aktorlardan birinə çevrilə bilər və ya artıq çevrilməkdədir. Çünki təşkilata üzv ölkələrin geniş coğrafi arealı və zəngin resursları buna real zəmin yaradır.

Bu baxımdan, belə proqnozlaşdırmaq olar ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində tamhüquqlu qlobal aktor kimi çıxış etmək imkanına malik olacaq”.

Избранный
31
1
cebheinfo.az

2Источники