RU

Cəsarət Hüseynzadə: Nizami Kino Mərkəzinin divarlarının yazılması hər bir vətəndaşı narahat etməlidir

Nizami Kino Mərkəzinin divarlarında bir neçə gənc tərəfindən qrafit çəkilməsi hər bir vətəndaşı narahat etməlidir.

"Far.Az" xəbər verir ki, bunu "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ictimaiyyət nümayəndələri də bu vəziyyətdən ciddi narahatlıq ifadə ediblər:

"Əslində, bu hadisənin səbəblərini də araşdırmaq vacibdir. Qeyd etmək lazımdır ki, bu şəxslər gənclərdir və onların arasında qızlar da var. Bu, mənim fikrimcə, ailə dəyərlərinin təbliğinin və gənc nəslin tərbiyəsinin vacibliyini bir daha göstərir. Gənc ailələrdə, xüsusilə yeni nəslin formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Hadisənin şəhərimizə nəticəsinə baxdıqda görürük ki, ilk növbədə şəhərin estetik görünüşü zədələnib. Halbuki illər boyu şəhərin estetik inkişafına yüzlərlə insan öz töhfəsini verib".

C.Hüseynzadə əlavə edib ki, hər il böyük maliyyə vəsaiti şəhərlərin inkişafına və abadlaşdırılmasına sərf olunur:

"Bu cür hadisələr ayrılmış maliyyənin səmərəliliyinə də mənfi təsir göstərə bilər. Əgər bu vəsait hər bir vətəndaşın əziyyəti hesabına formalaşırsa, hər bir vətəndaş onun qorunmasına yönəlmiş mövqeyini bildirməli, səsini çıxarmalı və mübarizə aparmalıdır".

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Избранный
45
far.az

1Источники