RU

Paşinyanın “qələmini” yalnız o QIRA bilər – Putinlə söz duelinin İLGİNC dərsi

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün 1 aprel Moskva səfərini uğurlu sayır. Haradasa haqlıdır, çünki Putinlə srağagünkü gərgin söhbət-mübahisədən heç də məğlub ayrılmadı. Baş nazir xüsusən də yaxasından asdığı, kiçildilmiş “real Ermənistan” xəritəsi ilə bağlı mövqeyini müdafiə etməyi bacardı.

Əslində, bu xəritə ilə o, Kreml başçısına hər şeydən öncə bu mesajı çatdırdı ki, “Qarabağ məsələsi bitib, erməni xalqı müharibələrdən yorulub” və “köhnə kartı” təzədən, süni şəkildə gündəmə gətirməyə ehtiyac yoxdur, onun əsas işi isə yalnız “real Ermənistan”ı qoruyub inkişaf etdirməkdir. Görüşdə Paşinyan Putinin üzünə söylədi ki, Bakı və İrəvan artıq sülh prosesinin içindədir. Yəni ki, “köhnə palan içi tökməyin, niyyətinizi bilirik”…

Rusiya rəhbərinin çıxışınsan, ardınca Baş nazirin müavini Aleksey Overçukun müsahibəsindən isə nəticə belə hasil oldu ki, Moskva xalqları qarşı-qarşıya qoymaq kimi köhnə və məkrli siyasətindən, hədə-şantaj vərdişindən tam imtina eləməyib. Görüşdə Putinin heç bir əsas olmadan Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan “həssas məsələ” kimi danışması, üstəgəl, rusiyayönlü qüvvələr və “5-ci kolon” üçün qarşıdakı parlament seçkilərində Nikol Paşinyandan zəmanət (oxu: komfort şərait!) istəməsi qənaətimizə şübhə yeri saxlamır.

Kreml başçısının Rusiya qazının Ermənistana 4 dəfə ucuz qiymətə satıldığını xatırlatması da qətiyyən təsadüfi deyildi. Bu, “özünü yaxşı aparmayacağı” təqdirdə rəsmi İrəvana xəbərdarlıq xarakteri daşıyırdı. Amma nə qədər qəribə görünsə də, erməni baş nazir möhkəm dayandı, özünü itirmədi, sözünü dedi. O sırada Ermənistanda Rusiyaya bağlı qüvvələrə qanundankənar hər hansı güzəştin tanınmayacağını qəti tonda diqqətə çatdırdı…

Qeyd edək ki, Moskva səfərinin təşəbbüskarı Putin yox, Paşinyan olub. Bu da yetərincə mühüm nüansdır. Necə deyərlər, erməni rəhbər yetərincə cəsarətli addım ataraq, kritik seçkilər ərəfəsində Moskvanın planlarına əmin olmağa, Putinin ağzını aramağa çalışıb. Məşhur ifadə ilə yazsaq, təhlükəni gözləməkdənsə, ona qarşı getməyi üstün tutub.

Heç şübhəsiz, bu səfərdən sonra o, öz işini daxildə daha səliqəli tutacaq, daha çevik və daha praqmatik olacaq. Özəlliklə Bakı və Moskva ilə yaxınlaşmanı dərinləşdəricək. Ona görə ki, Ermənistana ən güclü təhlükəsizlik qarantını məhz Azərbaycanla Türkiyə verə bilər, məhz bu iki dövlətlə bütün sahələrdə əlaqələrin bərpası təmin edə bilər. Paşinyanın Moskva danışıqlarından əminlik hasil elədiyi bir önəmli məsələ də şəksiz, budur…

Doğru, Ermənistanın Rusiyadan iqtisadi-energetik asılılığı güclü olaraq qalır. Ancaq artıq zaman o zaman deyil. Qarabağın qurtuluşundan sonra bölgədə qüvvələr balansı dəyişib. Bakı və Ankara İrəvanın Moskvadan siyasi-iqtisadi asılılığını indi əhəmiyyətli şəkildə azaltmaq potensialındadır. Bunu Paşinyan bilir. Onun da yaxşı fərqindədir ki, “fors-major” vəziyyətlərdə Azərbaycan qazı Rusiya qazına alternativ kimi münasib qiymətə Ermənistana satıla bilər.

Bakı artıq İrəvana iki dəfə neft məhsulları göndərib və bu, hətta qonşu ölkədə benzinin ucuzlaşmasına gətirib. Eləcə də qardaş Türkiyə qonşu ölkənin Rusiyadan iqtisadi-ticari asılılığını azaldacaq bir sıra addımlar ata bilər. Nəticə etibarilə itirən yenə Rusiya olar…

Bütün hallarda yekun qənaət belədir ki, Putin aprelin 1-də Paşinyanın “qələmini” qıra bilməyib. “Qələmi” yalnız onun öz xalqı qıra bilər. Bu da gözlənilmir. ƏIamətlər gözə dəymir. Üstəgəl, Azərbaycan və Türkiyə əngəli var. Rusiya üçün.

Musavat.com

Избранный
14
2
editor.az

10Источники