RU

Media: BƏƏ “Rafale F5” proqramı üçün Fransaya 3,5 milyard avro ödəməkdən imtina edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əməkdaşlıq şərtlərindən narazı qaldığı üçün Fransanın modernləşdirilmiş “Rafale F5” qırıcı təyyarəsinin inkişaf proqramında iştirakdan imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “La Tribune” qəzeti məlumat yayıb.

Məlumata görə, Fransa tərəfi qırıcı təyyarələrin modernləşdirilməsi proqramında iştirak üçün BƏƏ-yə 5 milyard avroluq layihədə 3,5 milyard avro həcmində maliyyə öhdəliyi təklif edib. Əmirliklər daha dərin texnoloji əməkdaşlığa ümid etsələr də, Fransa xüsusilə optoelektron sistemlər sahəsində texnologiyaların paylaşılmasına razı olmayıb. Bu səbəbdən BƏƏ tərəfi Fransanı əməkdaşlıqda qeyri-konstruktiv yanaşmada ittiham edib.

Məlumatda bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun 2025-ci ilin dekabrında Əbu-Dabiyə səfəri zamanı fikir ayrılıqlarını aradan qaldırmaq cəhdləri uğursuz olub. Onun BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünün gərgin keçdiyi qeyd olunur. Nəticədə, BƏƏ “əvəzində adekvat qarşılıq almadan layihəyə vəsait ayırmaqdan” imtina ediblər.

Beləliklə, proqram üzrə xərclərin əsas yükü Fransanın üzərinə düşəcək. Fransa Silahlı Qüvvələrindəki mənbənin sözlərinə görə, mövcud müdafiə layihələrinin çoxluğu səbəbindən maliyyə vəsaitlərinin daha uzun müddətə bölüşdürülməsi tələb olunacaq və “Rafale F5” standartına yüksəldilmiş təyyarələrin tədarükü gecikə bilər.

Qəzet qeyd edir ki, regiondakı gərginlik fonunda Fransa tərəfindən BƏƏ-nin hava məkanının qorunmasına dəstək göstərilməsi iki ölkə arasında etimadı qismən bərpa etsə də, BƏƏ-nin “Rafale F5” layihəsi üzrə danışıqlara qayıdacağına dair dəqiqlik yoxdur.

Nəşr, həmçinin vurğulayır ki, Fransanın hərbi büdcəsinə əlavə ayrılan vəsaitlərə baxmayaraq, beynəlxalq böhranların yaratdığı yeni tələblər fonunda bu resurslar kifayət etmir.

Bundan əlavə, İranla bağlı gərginlik zamanı BƏƏ hava məkanında həyata keçirilən əməliyyatlarda “MICA” hava-hava raketlərindən intensiv istifadə edildiyi də qeyd olunur.

Избранный
26
2
yeniazerbaycan.com

3Источники