RU

Rusiya-Ukrayna müharibəsi - “Pasxa atəşkəsi” olacaqmı?

Yaxın Şərqdə münaqişənin davam etməsi nəticəsində Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı aparılan danışıqlar arxa plana keçib. Çünki hazırda  ABŞ-ın İsraillə birlikdə İrana qarşı müharibə aparması Ukrayna probleminə daha çox diqqət ayrılmasını mümkünsüz edir. Xatırladaq ki, Donal Tramp yenidən hakimiyyətə gəldikdən sonra bu müharibəni həll edəcəyini vəd etmişdi. Tramp bunun üçün diplomatik fəallığı artıraraq tərəflər arasında vasitəçilik edib. Belə ki, Vaşinqtonun təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndələrinin  dəfələrlə görüşü keçirilib.

Danışıqların gələcəyi sual altındadır

Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli danışıqların birinci mərhələsi yanvarın 23-24-də, ikinci raundu isə fevralın 4-5-də Əbu-Dabidə keçirilib. Danışıqların üçüncü raundu isə fevralın 17-18-də Cenevrədə baş tutub. Növbəti raundun fevralın 26-da keçirilməsi qərara alınsa da, sonradan martın əvvəlinə kimi təxirə salınmışdı. Lakin bu da baş vermədi. ABŞ-ın İranla müharibəyə başlaması danışıqlar prosesinin gələcəyini sual altına qoyub. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff Senatın kəşfiyyat komitəsindəki dinləmələr zamanı “ABŞ İrandakı eskalasiyaya baxmayaraq, Rusiya ilə qarşıdurma şəraitində Ukraynanı bundan sonra da dəstəkləmək niyyətindədir” desə də, reallıq ortadadır. Təsadüfi deyil ki, bu yaxınlarda Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında Birləşmiş Ştatların vasitəçi qismində iştirakı ilə üçtərəfli danışıqlar prosesinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı danışıqlarda yaranan fasilə ABŞ nümayəndələrinin digər beynəlxalq məsələlərlə, o cümlədən Yaxın Şərqdəki vəziyyətlə məşğul olması ilə əlaqədardır. O deyib ki, mövcud şəraitdə ABŞ üçtərəfli danışıqlarda fəal iştirak edə bilmir. Eyni zamanda, Peskov diqqətə çatdırıb ki, münaqişənin aktiv mərhələsinin dayandırılması üçün əsas şərt Kiyevin Ukrayna qoşunlarını Donetsk vilayətinin sərhədlərindən kənara çıxarmaq barədə qərar qəbul etməsidir. Onun fikrincə, müvafiq qərar dərhal qəbul olunmalıdır: “Moskva hesab edir ki, bu, insanların həyatının qorunmasına və döyüşlərin dayandırılmasına kömək edə bilər”. Artıq Rusiya Müdafiə Nazirliyi Ukraynanın Luqansk vilayətinin bütün ərazisinin ələ keçirildiyini açıqlayıb.

Ukrayna Donetsk vilayətini təhvil verəcəkmi?

Lakin Peskovdan bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin  iki ay ərzində Donbasdan çıxarılmasında təkid edir. Zelenski bu barədə “X” sosial şəbəkəsində yazıb: “Hazırda Rusiya bir daha ABŞ tərəfinə cəbhədəki məqsədlərinə çatmaq üçün yeni müddətlər səsləndirir. Mən təəccüblənirəm ki, buna necə inanmaq olar. Ruslar deyirlər ki, iki ay ərzində Donbası ələ keçirəcəklər. Guya Ukraynanın çıxmaq üçün iki ay vaxtı var və onda müharibə bitəcək. Amma əgər Ukrayna iki ay ərzində çıxmasa, o zaman Rusiya Donbası ələ keçirəcək və daha sonra başqa şərtlər irəli sürəcək. Məntiqi sual yaranır: əgər onların məqsədi yalnız Donbasdırsa, niyə daha irəli gedəcəklərini və sonra başqa şərtlərin olacağını deyirlər? Yəni söhbət heç də yalnız Donbasdan getmir. Onların məqsədləri bizə aydındır”. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri iki ay ərzində heç nəyi ələ keçirə bilməyəcəklər və bunu çox yaxşı başa düşürlər: “Onlar təzyiq göstərirlər. Bu gün Rusiya ABŞ-yə təzyiq edir, çünki aralıq seçkiləri yaxınlaşır”.

Zelenski belə bir şəraitdə Pasxa bayramı münasibətilə atəşkəsin elan olunmasını təklif edib. O ümid edib ki, ABŞ Kiyev və Moskva arasında Pasxa atəşkəsi təklifini dəstəkləyəcək. Pasxa bayramı aprelin 12-də başlayır və beş gün davam edəcək. “Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu demişəm və bu gün də təkrar edirəm: biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik”, - deyə o söyləyib.

Yeri gəlmişkən, “Bloomberg” agentliyi öz mənbələrinə istinadla yazır ki, ABŞ administrasiyası müttəfiq ölkələrin rəhbərliyinə Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin təşkilini mümkün hesab etdiyini bildirib. Məlumat? görə, tərəflərin mövqelərində ciddi fərqlər səbəbindən danışıqlar prosesi müvəqqəti olaraq dalana dirəndiyi üçün ABŞ bu məsələdə heç bir konkret irəliləyiş görmədiyini qeyd edib. Agentlik onu da vurğulayır ki, hazırda Ağ Ev administrasiyasının bütün diqqəti İrana qarşı hərbi əməliyyata yönəlib.

Tramp Ukraynaya silah tədarükünü dayandıra bilər

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinin Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üçün koalisiyaya qoşulmaqdan imtina edəcəyi təqdirdə Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələyib. Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən yazıb. Tramp ötən ay NATO-nun hərbi dəniz qüvvələrindən boğaz vasitəsilə gəmiçiliyi bərpasında ona kömək olunmasını tələb edib, lakin münaqişəyə cəlb olunmaq istəmədiklərini bildirən Avropa liderlərindən rədd cavabı alıb. Mənbələrin məlumatına görə, ABŞ lideri cavab olaraq Aİ ölkələri tərəfindən maliyyələşdirilən və NATO-nun Ukrayna üçün silah alışı proqramı olan PURL çərçivəsində tədarükləri dayandıracağı ilə hədələyib. Tramp ABŞ-nin İrana qarşı müharibəsinə kömək etmək üçün daha çox iş görmədiklərinə görə Avropa müttəfiqlərindən dəfələrlə narazılığını bildirib, eyni zamanda, Rusiya-Ukrayna münaqişəsini Vaşinqtonun deyil, Avropanın problemi adlandırıb.

Nəticədə, NATO-nun baş katibi Mark Rüttenin təkidi ilə təşkilatın əsas üzvləri Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla bir qrup ölkə Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsinə töhfə verməyə hazır olduqları barədə birgə bəyanatla çıxış edib. Daha sonra bu mövqeyi dəstəkləyən ölkələrin sayı 35-ə çatıb. İki rəsminin bildirdiyinə görə, bəyanatın dərc olunmasından əvvəlki iki gün ərzində Rütte, Tramp və ABŞ dövlət katibi Marko Rubio ilə çoxsaylı telefon danışıqları aparıb.

Belə bir şəraitdə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli real görünmür. Ən azı ABŞ-ın ziddiyyətli mövqeyi bunu deməyə əsas verir. 

N.BAYRAMLI

Избранный
36
1
yeniazerbaycan.com

2Источники