RU

"Tramp müharibəni daha genişmiqyaslı, qlobal səviyyəyə çıxarmaq istəyir" - RƏY

"ABŞ Prezidenti Donald Tramp hər dəfə mətbuat qarşısında çıxış edərək bildirir ki, İran məhv olub, amma məhv olubsa, bəs necə müqavimət göstərir? Bu qədər müqavimət göstərir, ətraf ölkələrin, Amerikanın bazaları yerləşən dövlətlərin əksəriyyəti artıq bir-birinin ardınca müharibədən imtina edir və bildirir ki, biz çıxırıq. İran əslində məhv olmuş ölkədirsə, necə müqavimət göstərir və necə zərbələr endirir?"

Bu fikirləri Redaktor.az-a açıqlamasında konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi. O əlavə etdi ki, məhz həmin zərbələrin nəticəsidir ki, regiondakı ölkələr ard-arda imtina edir və bildirir ki, biz Amerika ilə bu müharibədə birgə addımlamayacağıq:

"Buna görə onun dediklərinə inanmıram. Müharibənin bir-iki-üç həftəyə başa çatması da mümkün deyil. İnanmıram ki, bu müddətdə müharibə bitsin və dayanma baş versin. Müharibənin tam dayanması üçün İranın irəli sürdüyü beş şərtin hamısı yerinə yetirilməlidir. İran rəsmi olaraq bəyan edir ki, Trampın irəli sürdüyü 15 şərtdən heç birini qəbul etmir. Öz şərtlərini irəli sürür və bildirir ki, 5 şərt var və Amerika bu şərtlərə əməl etsə, müharibəni dayandıra bilər. Buna görə Tramp bir tərəfdən belə deyir, amma məncə, o sadəcə müharibəni qısa müddətdə - bir-iki-üç həftəyə başa çatdıracağıq deməklə diqqəti yayındırır. Əksinə, müharibə fevralın 28-də başlayanda da o deyirdi ki, bir həftəyə İranı məhv edəcəyik. Amma artıq bir aydan çoxdur müharibə gedir və sonu görünmür. Əksinə, Tramp çalışır ki, yeni dövlətləri bu prosesə qoşsun və müharibənin miqyasını genişləndirsin. Mənə elə gəlir ki, Amerika-İsrail alyansının əsas hədəfi təkcə İranla məhdudlaşmır, bütün Yaxın Orta Şərqi bu müharibəyə cəlb etməkdir. Məqsəd orada xaos yaratmaqdır. Eyni zamanda regiondan kənar dövlətləri də bu müharibəyə cəlb etmək istəyirlər".

Müsahibimizin sözlərinə görə, əsas məqsəd müharibəni daha genişmiqyaslı, qlobal səviyyəyə çıxarmaqdır:

"Vaxtın uzadılmasında açıq hədəf ondan ibarətdir ki, müharibə nə qədər uzun çəksə, bir tərəfdən təzyiq və hədə-qorxu ilə, digər tərəfdən müttəfiqlik öhdəlikləri ilə iştirakçıların sayı artırılsın və sonda proses böyük qlobal müharibəyə çevrilsin. Digər ehtimal isə ondan ibarətdir ki, bütün dünya birləşərək onları lokallaşdırsın və məcbur etsin ki, müharibəni dayandırsınlar və bununla proses başa çatsın. Bundan sonra kimin kimə nə qədər ziyan vurması isə danışıqlar prosesində müəyyənləşir. Bu ikinci ehtimal, yəni bütün dünyanın birləşərək müharibəni dayandırması daha zəif görünür. Yəni bu iki ssenaridən biri baş verməlidir. Amerikanın məqsədi isə aydındır: müharibəni böyütmək və daha geniş miqyas almağa nail olmaq. Bu isə artıq üçüncü dünya müharibəsi deməkdir".

Nuriyyə NATİQQIZI

Избранный
72
22
redaktor.az

10Источники