RU

Siyasi reallığın rəsmi etirafı

Ermənistan rəhbərliyinin son dövrlərdə səsləndirdiyi bəyanatlar və xüsusilə parlament sədri Alen Simonyanın jurnalistə müsahibəsi zamanı qondarma "Artsax" terminindən imtina etməsi, regionda yaranmış yeni geosiyasi reallıqların İrəvan tərəfindən rəsmən qəbulunun növbəti təzahürüdür. Ermənistan parlamentinin sədri bu addımı ilə, əslində, illərdir davam edən saxta təbliğatın iflasını rəsmiləşdirmiş oldu. 

Æurnalistin sualına kəskin reaksiya verən Alen Simonyan, faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq hüquq müstəvisində Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu qəbul etdiyini göstərdi. Bu, separatçı ritorikadan imtina edərək real siyasi müstəviyə qayıtmaq cəhdidir. Bu hadisə sadəcə leksik bir dəyişiklik deyil, Ermənistanın onilliklər boyu yürütdüyü işğalçılıq ideologiyasının iflası və beynəlxalq hüququn norma və prinsiplərinə məcburi qayıdışıdır.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Cənubi Qafqazda onilliklər boyu davam edən status-kvonu köklü şəkildə dəyişdi: "Bu tarixi qələbələr təkcə döyüş meydanında deyil, həm də diplomatik və siyasi ritorika müstəvisində Ermənistanı illüziyalardan xilas olmağa vadar edir. Alen Simonyanın Qarabağa münasibətdə qondarma "Artsax" ifadəsinin işlədilməsinə qarşı çıxması və beynəlxalq hüquqi xəritələri əsas gətirməsi, rəsmi İrəvanın separatçı ritorikanın dövlət maraqlarına vurduğu zərəri artıq dərk etdiyini göstərir. Ermənistan rəsmi dairələrinin mövqeyində müşahidə olunan bu "u dönüşü" bir neçə mühüm amillə şərtləndirilir. İlk olaraq İrəvan artıq anlayır ki, dünya birliyi tərəfindən tanınan sərhədləri inkar etmək Ermənistanın bir dövlət kimi gələcək taleyini təhlükə altına qoyur. Azərbaycanla imzalanması gözlənilən yekun sülh sənədi fonunda konstitusiyada və rəsmi leksikonda Azərbaycana qarşı ərazi iddialarını xatırladan hər bir ifadə Ermənistan üçün diplomatik çıxılmaz yol deməkdir. Hakimiyyət nümayəndələrinin bu cür kəskin reaksiyaları həm də daxili auditoriyanı revanşist xülyalardan uzaqlaşdırmaq və onları real coğrafi sərhədlərlə barışdırmaq məqsədi daşıyır. Simonyanın jurnalistə ünvanladığı "belə bir subyekt yoxdur" mesajı, əslində, separatizmin rəsmi İrəvan tərəfindən də dəfn olunmasının etirafıdır. Bu proses regionda dayanıqlı sülhün bərqərar olması üçün mühüm psixoloji və siyasi zəmin yaradır".

Deputat diqqətə çatdırıb ki, Paşinyan administrasiyası artıq dərk edir ki, qonşu ölkələrə, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanın bir dövlət kimi gələcəyini iflic edir. Bu səbəbdən Ağrı dağının təsvirlərinin rəsmi sənədlərdən çıxarılması ilə başlayan proses, indi daha fundamental müstəviyə - konstitusiya islahatlarına keçib. Paşinyan və Simonyan açıq şəkildə bəyan edirlər ki, ölkənin ana qanunu müasir reallıqlara uyğunlaşdırılmalıdır. Bu, faktiki olaraq Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan və Azərbaycanın ərazi bütövlüyünü hədəf alan bəndlərin hüquqi mətndən təmizlənməsi deməkdir. "Paşinyan komandası gözlənilən seçki kampaniyasından sadəcə hakimiyyəti qorumaq üçün deyil, həm də bu ağrılı konstitusiya dəyişikliklərini xalqın iradəsi ilə legitimləşdirmək üçün istifadə edir. "Müharibəyə yox" və "Real Ermənistan" şüarları ilə seçkiyə gedən iqtidar cəmiyyətə seçim imkanı təqdim edir. Ya xəyali iddialarla daimi münaqişə, ya da beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh və əməkdaşlıq", - deyə o əlavə edib. 

K.Bayramov qeyd edib ki, Ermənistan rəhbərliyinin bu "realizm" kursu regionda yeni bir eranın, qarşılıqlı tanınma və suverenliyə hörmət dövrünün başlanğıcı ola bilər. Lakin bu addımların sadəcə vaxt qazanmaq taktikası deyil, səmimi bir siyasi iradə olub-olmadığını qarşıdakı seçki prosesi və konstitusiya referendumu tam şəkildə ortaya qoyacaq. Azərbaycan üçün isə əsas hədəf dəyişməz qalır. Regionda davamlı təhlükəsizliyin bərpası və beynəlxalq hüququn norma və prinsiplərinin qəti təntənəsi Azərbaycanın xarici siyasətində dəyişməz prioritet olaraq qalmaqdadır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
34
azerbaijan-news.az

1Источники