RU

Rəşad Bayramov: “Putin İrəvanı təsir dairəsində saxlamaq üçün jestlər edir”

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və prezident Vladimir Putinlə görüşü zamanı Rusiya Prezidentinin regionda sabitliyin qorunması üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının vacibliyini vurğulaması diqqət çəkib. Həmçinin Rusiya lideri ölkəsinin vasitəçi rolunu davam etdirməyə hazır olduğunu bildirib.

 

Pravda.az-a açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə görə, Paşinyanın Putinlə görüşündəki hər iki tərəfdən olan “yumşaq” açıqlamalar - yəni dostcasına, stabillik və əməkdaşlığı vurğulaması əsasən diplomatik jest xarakteri daşıyır:

 

“Paşinyan Moskvaya mesaj vermək istəyir ki, Ermənistan Rusiya ilə əlaqələrini qoruyur və strateji tərəfdaşlıqdan çıxmaq niyyətində deyil. Bu jest həm də Rusiya təzyiqinin azaldılması və daxili siyasətdə legitimliyi gücləndirmək məqsədi daşıyır. Putin isə Ermənistanın Qərbə inteqrasiya prosesinin sürətlənməməsi üçün, İrəvanı təsir dairəsində saxlamaq üçün bu cür jestlər edir. Digər tərəfdən Putin həm də Rusiya üçün strateji balansı qorumaq istəyir. Şübhəsiz ki, Moskvanın imkanları daha güclü olsaydı, yəni Ukrayna bataqlığında ilişib qalmış olmasaydı, o zaman fərqli mövqe də nümayiş etdirə bilərdi. Məsələn, Ermənistanla əlaqələri yenə də müsbət olaraq qiymətləndirsə də, Rusiya təsirini artırmaq və Moskvanın regional maraqlarını maksimum qorumaq məqsədilə daha sərt tələblər də irəli sürərdi. Yəni hazırkı "yumşaq ton" həm də Kremlin riskləri və resurs məhdudiyyətləri ilə bağlıdır”.

 

R.Bayramov qeyd edib ki, Moskva Ermənistanda seçkilərə dolayısı ilə də olsa, təsir göstərə bilər, lakin birbaşa, açıq müdaxilə ehtimalı hazırkı şəraitdə aşağıdır: “Bunun da əsas səbəbi qeyd etdiyim kimi, qeyri-sabit geosiyasi mühitlə bağlıdır. Ukraynada vəziyyət Rusiyanın resurslarını sıxışdırır, açıq seçki müdaxiləsinə geniş imkan vermir. Amma iqtisadi təsir rıçaqları, Ermənistan daxilindəki "beşinci kolon" və media resursları vasitəsilə seçki nəticələrinə təsir etmək imkanları var. Bu, açıq müdaxilə olmadan da Paşinyan hakimiyyətinə təzyiq imkanı verir”.

 

Şəhanə Quliyeva

Tarix: 2 Aprel 2026, 16:20   
Избранный
14
pravda.az

1Источники