RU

“Sosial mediada göstərilən ‘ideal həyat’ ilə real imkan gənclərdə depressiyanı artırır” – Günay Ağamalıyeva

Müasir dövrdə cəmiyyətin qarşısında dayanan çağırışlar artıq yalnız iqtisadi və sosial çərçivələrlə məhdudlaşmır. İnsan amilinin ön plana çıxdığı bir mərhələdə psixoloji sağlamlıq məsələsi həm fərdi, həm də ictimai təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Artan informasiya axını, sürətli həyat tempi və dəyişən dəyərlər fonunda, xüsusilə gənclər və ailə institutları müxtəlif təzyiqlərlə üz-üzə qalır.
Bu reallıq psixoloji gərginlik, emosional tükənmişlik və ailədaxili münasibətlərdə çatların yaranması kimi problemləri daha da dərinləşdirir və onların həlli cəmiyyət üçün prioritet məsələ olaraq qalır.

Belə bir şəraitdə bir sıra vacib suallar aktuallaşır: son illərdə Azərbaycanda psixoloji sağlamlıq məsələlərinin, xüsusilə gənclər və ailələr arasında stress, depressiya və məişət zorakılığı hallarının artması nə ilə izah oluna bilər?

Həmçinin, bu problemlərin kökündə dayanan əsas səbəblər nələrdir və cəmiyyət səviyyəsində maarifləndirmə, profilaktika və psixoloji dəstəyin əlçatanlığının artırılması istiqamətində hansı yeni təşəbbüslərin zəruriliyi vacibdir?

Moderator.az-ın suallarını Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri, psixoloq Günay Ağamalıyeva cavablandırıb.

Deputat bildirdi ki, hazırki dövrdə cəmiyyətimizi narahat edən psixoloji gərginlik, depressiv hallar və təəssüf ki, hələ də aktuallığını qoruyan məişət zorakılığı məsələləri milli genofondumuza təsir edən ciddi sosial sarsıntılardır:

 "Sağlam ailə və sağlam gənclik güclü dövlətin təməlidir. Sürətlə dəyişən bir dövrdə yaşayırıq. Bu dəyişikliklər təkcə texnologiya sahəsində deyil, eyni zamanda insanların düşüncə tərzində, davranışlarında, münasibətlərində və psixoloji vəziyyətində də baş verir. Qlobal dünya ilə milli dəyərlər arasındakı keçid dövrü gənclərdə bir növ "kimlik böhranı" yaradır. Sosial media vasitəsilə təqdim olunan "ideal həyat" obrazları ilə real imkanlar arasındakı fərq gənclərdə depressiyanı tetikləyir.

Bir çox ailələrdə hələ də hissləri bölüşmək, "yox" demək və ya qarşı tərəfi dinləmək mədəniyyəti formalaşmayıb. Məişət zorakılığının kökündə çox vaxt tərəflərin ünsiyyət qura bilməməsi və daxili aqressiyanın idarə olunmaması dayanır".


Günay Ağamalıyeva qeyd etdi ki, ölkəmizdə "Psixoloji yardım haqqında" qanun və məişət zorakılığına qarşı mübarizəni tənzimləyən hüquqi baza mövcuddur:

"Mövcud vəziyyəti yaxşılaşdırmaq üçün hər bir şagirdin hissləri, psixoloji vəziyyəti və emosional durumu daim izlənilməli və qiymətləndirilməlidir. Necə ki, evlənmək istəyən cütlüklər üçün tibbi müayinə məcburidir, eyni şəkildə onların psixoloji cəhətdən evliliyə hazır olması üçün də xüsusi maarifləndirici seminarlar keçirilməlidir. Bölgələrdə zorakılığa məruz qalmış şəxslər və ya depressiyadan əziyyət çəkənlər üçün sığınacaqların və psixoloji dəstək mərkəzlərinin sayının artırılması önəmlidir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın insan amilinə əsaslanan siyasəti çərçivəsində cəmiyyətin psixoloji rifahı, ailə institutunun möhkəmləndirilməsi və sosial həssas qrupdan olan insanların müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdə insanın fiziki sağlamlığı ilə yanaşı, onun psixoloji durumunun da qorunması əsas prioritetlərdən biri kimi önə çəkilir.

Mehriban xanım Əliyevanın təşəbbüsləri, xüsusilə ailə dəyərlərinin təşviqi, uşaqların və qadınların müdafiəsi, cəmiyyətin mənəvi sağlamlığının gücləndirilməsi istiqamətində mühüm töhfələr verir".

Millət vəkili vurğuladı ki, cəmiyyətimizdə hələ də psixoloqa müraciət etmək qəbahət kimi qəbul edilir, "camaat nə deyər" düşüncəsi aktuallığını qoruyur:

 "Psixoloq və psixiatr anlayışları arasındakı fərqin hələ də cəmiyyət tərəfindən aydın şəkildə qəbul edilmədiyi müşahidə olunur. Bu stereotipi qırmaq olduqca vacibdir. Televiziya və sosial şəbəkələrdə pozitiv nümunələr və peşəkar psixoloji məsləhətlər ön plana çıxmalıdır.
Ailənin müqəddəsliyi qorunmalı, fərdin psixoloji bütövlüyü təmin olunmalıdır. Stress və depressiya bəşəri bəladır, lakin biz milli ruhumuzla bu kimi çətinliklərin öhdəsindən gələ bilərik".

Pərvin Şakirqızı

Избранный
35
3
moderator.az

4Источники