RU

Senat ABŞ-ın NATO-dan çıxarılmasına imkan verməcək - Çak Şumer

ABŞ prezidenti Donald Tramp qərar versə belə, ABŞ Senatı ölkənin NATO-dan çıxması cəhdini dəstəkləməyəcək.

Musavat.com xəbər verir ki, bunu Senatın Demokrat Azlıq Lideri Çak Şumer X hesabında qeyd edib:

"Mən bunu vəd edə bilərəm: Senat NATO-dan çıxmaq və müttəfiqlərimizdən imtina etmək üçün səs verməyəcək. Dövlət katibi Marko Rubioya 2023-cü ildə Senatın üçdə iki səsini tələb edən qanun layihəsi hazırladığına görə təşəkkür edirəm".

Qeyd edək ki, Şumer Amerika liderlərinə qanunvericilik təsdiqi olmadan ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmağı qadağan edən qanunu nəzərdə tutur. 2023-cü ilin dekabrında bu sənəd Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edildikdən və daha sonra o vaxtkı ABŞ prezidenti Demokrat Co Bayden tərəfindən imzalandıqdan sonra qanuna çevrilib. Senatda təqdim edilən qanun layihəsi Respublikaçı Marko Rubio və Demokrat Tim Keyn tərəfindən irəli sürülmüşdü. Onların təşəbbüsündə ABŞ-ın NATO-dan çıxmasının yalnız Senatın üçdə ikisinin dəstəyi ilə və ya qanun layihəsi Konqresin hər iki palatasından keçib dövlət başçısı tərəfindən imzalandığı təqdirdə həyata keçirilə biləcəyi nəzərdə tutulur.

Xatırladaq ki, bütün Aİ ölkələri ABŞ tərəfində İrana qarşı hərbi əməliyyatlarda iştirakdan imtina edib. Buna cavab olaraq, hazırkı ABŞ lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və "bunu xatırlayacağına" söz verib. O, həmçinin NATO-nu tənqid edərək, alyansı "kağız pələng" adlandırdı.

Aprelin 1-də Reuters-də dərc olunan müsahibədə Tramp NATO-dan ikrahını bildirib və ABŞ-ı alyansdan çıxarmağı düşündüyünü deyib. "The Daily Telegraph"a verdiyi müsahibədə o, ABŞ-ın NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyi düşündüyünüqeyd edib, çünki alyans İranla müharibədə Vaşinqtonu dəstəkləməyib.

Musavat.com

Избранный
76
50
musavat.com

10Источники